Baş Prokurorluq dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.
Müraciətdə hər il dəm qazından zəhərlənmə və ölüm hallarının baş verdiyi, bu faciələrin əsasən məişətdə qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlı olduğu bildirilib. Qeyd olunub ki, hər bir belə hadisə bir ailə üçün faciədir və bunun qarşısını almaq üçün vətəndaşlar qaydalara ciddi riayət etməlidirlər.
Baş Prokurorluq qeyri-standart qaz cihazlarından istifadə edilməməsini, nasazlıq aşkarlandıqda mütəxəssislərə müraciət olunmasını, kombi və su qızdırıcılarının standartlara uyğun quraşdırılmasını, baca və ventilyasiya sistemlərinin mütəmadi təmizlənməsini tövsiyə edib. Vurğulanıb ki, su qızdırıcılarının hamam otağında yerləşdirilməsi təhlükəlidir və qaz plitələrindən mənzilin qızdırılması məqsədilə istifadə qadağandır.
Müraciətdə həmçinin mənzillərdə dəm qazı detektorlarının quraşdırılmasının vacibliyi qeyd olunub. Bildirilib ki, baş ağrısı, başgicəllənmə, ürəkbulanma, nəfəs darlığı və huşun itirilməsi kimi əlamətlər müşahidə edilərsə, dərhal məkandan çıxmaq və təcili yardım çağırmaq lazımdır.
“Dəm qazı görünməz və son dərəcə təhlükəlidir. Təhlükəsizlik qaydalarına riayət etmək həyatınızı xilas edir”, – müraciətdə vurğulanıb.