EN

Venesuela nefti ilə bağlı yeni qərar – Çin dövriyyəyə girdi

Nikolas Maduronun yerinə hakimiyyətə gələn Delsi Rodriges Venesuelada iqtisadi liberallaşma prosesinə başlayıb, lakin hakimiyyətin əsas dayaqlarını qoruyub saxlayıb.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-nin “The New York Times” (NYT) qəzeti yazıb

Nəşrin məlumatına görə, Rodriges ABŞ Prezidenti Donald Trampın razılığı ilə Venesuela neftinin ixrac istiqamətini Çindən ABŞ bazarına yönəldib.

Yanvar ayında neft satışından əldə olunan ilk tranş — 300 milyon dollar — ölkənin bank sisteminə daxil olub. Bu vəsait milli valyutanın kəskin ucuzlaşmasının qarşısını alıb və hiperinflasiya ilə bağlı narahatlıqları azaldıb.

Eyni zamanda Rodriges dövründə xarici investisiyaların cəlbi və əməkhaqlarının artırılması məqsədilə qanunvericilik islahatları aparılır. NYT-nin sitat gətirdiyi iqtisadçılar 2026-cı il üçün Venesuela iqtisadiyyatında iki rəqəmli ÜDM artımı proqnozlaşdırırlar. Onların fikrincə, iqtisadiyyat daha şəffaf olacaq və hesabatlılıq güclənəcək.

Bu dəyişikliklər fonunda daşınmaz əmlak bazarında qiymətlər kəskin bahalaşıb, dövlət istiqrazlarının dəyəri isə artmaqdadır. Bazar iştirakçıları bunu Rodrigesin rəhbərliyi altında dövlət borcunun mümkün restrukturizasiyası ilə əlaqələndirirlər.

Bununla yanaşı, Rodriges siyasi hakimiyyət üzərində tam nəzarəti saxlayır. Qəzet yazır ki, Karakasda silahlı qüvvələr vətəndaşları mütəmadi yoxlayır, elit rayonlarda dövlət obyektlərini qoruyan nəzarət-buraxılış məntəqələri qurulub, sürücülər isə telefonlarının yoxlanılması üçün saxlanılır.

NYT-nin qeyd etdiyinə görə, “qorxu atmosferi” həm məmurlar, həm də Maduronun ailəsi ilə əlaqələr hesabına yüksəlmiş biznesmenlər arasında yayılıb. Rodriges vəzifəyə gəldikdən sonra Maduraya sadiq bir neçə şəxsi vəzifədən azad edib və ya aşağı vəzifələrə endirib, həmçinin hərbi komandanlıqda yenidənqurma aparıb.

İqtisadi sahədə isə maliyyə tənzimləyiciləri açıq şirkətlərin sahibləri ilə tez-tez əlaqə saxlayaraq səhmlərin qiymətindəki kəskin artımın səbəblərini izah etmələrini tələb edirlər. Bəzi biznesmenlər NYT-yə bildiriblər ki, vəziyyəti əsaslandırmağa çalışarkən Maduronun devrilməsini və onun hakimiyyəti dövründə yaranmış böhranı qeyd etməməyə üstünlük veriblər.

Chosen
16
nocomment.az

1Sources