EN

Böyük Britaniya öz “nüvə çətiri”ni İsveçə verə bilər

BAKI, 28 yanvar. TELEQRAF

Böyük Britaniya İsveçə öz “nüvə çətiri”ni təqdim etmək imkanını müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, nüvə çəkindirməsi ilə bağlı məsələ Britaniya hökumətinin başçısı ilə İsveçin baş naziri Ulf Kristersson arasında telefon danışığı zamanı müzakirə olunub. Bildirilir ki, danışıqlar hazırda ilkin mərhələdədir.

Hələlik Böyük Britaniyanın nüvə silahı daşıyıcılarının İsveç ərazisində daimi və ya müvəqqəti yerləşdirilməsi məsələsinin müzakirə edilib-edilmədiyi, yoxsa yalnız mümkün münaqişə zamanı Stokholmun Londonun nüvə potensialından istifadə etməsinə təminat verilməsinin nəzərdə tutulduğu dəqiqləşdirilməyib. Qəzet qeyd edir ki, 2024-cü ilin martında NATO-nun tamhüquqlu üzvünə çevrilən İsveç oxşar müzakirələri Fransa ilə də aparır.

Məlumata görə, Böyük Britaniyanın nüvə silahları “Vanguard” tipli dörd sualtı qayıqda yerləşdirilib və bu gəmilər ABŞ istehsalı olan Trident II (D5) ballistik raketləri daşıyır. 2025-ci ilin iyununda Starmer Londonun ABŞ-dan B61-12 taktiki termonüvə bombalarını daşımaq imkanına malik 12 ədəd F-35A qırıcısı alacağını elan etmişdi.

Xatırladaq ki, 2025-ci ilin martında Fransa prezidenti Emmanuel Makron Avropa ölkələrinin Fransanın nüvə çəkindirmə qüvvələrinin himayəsi altına alınması imkanlarının müzakirəsinə başlanacağını bildirmişdi. Almaniya, Polşa, Litva və Danimarka bu mövzuda dialoqa açıq olduqlarını bəyan ediblər. Financial Times qəzetinin məlumatına görə isə Avropadakı ABŞ müttəfiqləri Vaşinqton administrasiyasının Rusiya ilə münasibətləri normallaşdırmaq kursu fonunda öz “nüvə qalxanı”nın yaradılması imkanlarını nəzərdən keçirirlər.

Chosen
62
teleqraf.com

1Sources