EN

Niderland gömrüyü maqnit yükləri arasında təxminən beş ton kokain aşkar edib

Ekvadordan gətirilən konteynerlərdə gizlədilən narkotik ölkə tarixində ələ keçirilən ən iri partiyalardan biri sayılır...

Poliqon xəbər verir ki, Niderlandın Gömrük Xidməti Ekvadordan gətirilən və tərkibində elektromaqnitlər olan yük konteynerlərində gizlədilmiş 4,8 tondan çox kokaini müsadirə edib. Bu barədə krallığın prokurorluğu məlumat yayıb. Qurumun bildirdiyinə görə, narkotik maddələr yanvarın 8-i və 9-da iki yük konteynerinin planlı yoxlanışı zamanı aşkar olunub.

Yüklərin skan edilməsi zamanı gömrük əməkdaşları elektromaqnitlərin qeyri-standart konstruksiyasına diqqət yetiriblər və bu səbəbdən dərinləşdirilmiş baxış keçirilməsi qərara alınıb. Nəticədə üç elektromaqnitin içərisində ümumilikdə 4,8 minə yaxın bağlama halında qablaşdırılmış, çəkisi 4,8 tondan artıq olan kokain aşkarlanıb. Yükün alıcısı Şimali Brabant əyalətinin Murdeyk bələdiyyəsində qeydiyyatdan keçmiş şirkət kimi göstərilib.

İş üzrə aparılan istintaq çərçivəsində üç nəfər saxlanılıb. Onlardan biri, 52 yaşlı Niderland vətəndaşı həbs edilərək istintaq təcridxanasına yerləşdirilib. Digər iki şübhəli şəxs isə təqsirlərini təsdiqləyən sübutlar olmadığı üçün azadlığa buraxılıb.

Prokurorluqdan bildirilib ki, araşdırmalar davam etdirilir, müsadirə olunan narkotik maddələr isə məhv edilib. Qeyd olunur ki, bu partiya Niderlandın daxili bazarı üçün nəzərdə tutulub və ölkədə indiyədək aşkar edilmiş ən iri kokain yüklərindən biri hesab olunur.

Xatırladaq ki, yanvarın 12-də İspaniyanın Milli Polisi Atlantik okeanında keçirdiyi əməliyyat zamanı rekord həcmdə — təxminən 10 ton kokaini müsadirə edib. Dənizdə saxlanılan gəmidə duz yükü arasında gizlədilən narkotik aşkarlanıb, əməliyyat zamanı 13 ekipaj üzvü tutulub və odlu silahlar müsadirə olunub.

Poliqon.info

Chosen
17
poliqon.info

1Sources