EN

Qəzada iki nəfərin ölümünə səbəb olan sürücünün cəzası azaldıldı

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən Elçin Süleymanovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı kassasiya şikayətinə münasibətdə Elçin Süleymanovun əsas cəza təyini hissəsində dəyişdirilib. Məhkum Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılmış 7 il müddətə azadlıqdan məhrumetmə cəzası 1 il müddətinə azaldılıb və ona 6 il cəzası təyin olunub. Elçin Süleymanov barəsində əsas cəza üzrə Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 3.2-ci bəndi tətbiq edilib, ona hazırkı qərar üzrə təyin edilmiş 6 il müddətə azadlıqdan məhrumetmə cəzası 6 ay müddətinə azaldılıb və üzərində qəti olaraq 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.


İttihama görə, Elçin Süleymanov 03 mart 2023-cü il tarixdə saat 20:10 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ-21013” markalı avtomobillə yol hərəkəti qaydalarını pozub. O, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisindən keçən Məmmədli-Kürdəxanı yolunda maksimum sürət həddini aşaraq – 80-90 km/saat sürətlə hərəkət edib, yaşadığı yol şəraitini və digər nəqliyyat vasitələrinin mövqeyini nəzərə almadan hərəkət edib.


Hadisə zamanı sürücü yolun orta, 2-ci zolağı ilə hərəkət edərkən, yolun 1-ci zolağından qövsvarı şəkildə hərəkət edən digər avtomobil – “Mercedes Benz 200” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə iki nəfər ölüb və bir nəfər az ağır xəsarət alıb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası təyin olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.


Kamal Məmmədov 

Tarix: 28 Yanvar 2026, 08:30   
Chosen
24
pravda.az

1Sources