EN

Müəllim-tələbə münasibətləri düzgün qurulanda

Sumqayıt Dövlət Universitetinin tələbəsiyəm. Gənclər şəhərinin bu ali təhsil ocağında mənim kimi yüzlərlə tələbə təhsil alaraq müxtəlif elmlərin  sirlərini öyrənir.    

Müəllim-tələbə münasibətləri düzgün qurulduğundan  burada oxuyan hər bir gənc  üzərinə düşən  məsuliyyəti dərk edir və aldığı  biliklərin  daha  mükəmməl olmasına çalışır. Birinci kurs tələbəsi olaraq mən bunu universitetə qəbul olunduğum ilk gündən hiss edirəm.

Universitetimizdə   həkim nəzarətindən tutmuş texniki dərs vasitələrinə qədər təhsilimizə  dəstək verən nə varsa, hamısı yeni qaydalara əsaslanır. Bir məsələni isə xüsusi olaraq qeyd etmək istəyirəm. Payız semestrinin imtahan sessiyası  başlayandan universitetin rəhbərliyi imtahan gedən hər auditoriyaya baş çəkir və onun gedişini sonadək izləyir. Düzü, bir tələbə olaraq bu, çox xoşumuza gəlir. Çünki təhsil aldığın müəssisənin rəhbərliyinin  imtahanlarda iştirakı şəffaflığın göstəricisidir. Bir çox halda rektor özü şəxsən tələbələri sual-cavab edir. Bundan sonra  hər tələbəyə dediyi söz, söylədiyi fikir, verdiyi məsləhət  təhsildə bizim  meyarımıza çevrilir. 

Rəhbərlik bizimlə söhbət zamanı bildirir ki, sizin aldığınız təhsil sonda Vətənin inkişafına xidmət edir. Hər birinizin elmi potensialı gələcəkdə ölkəmizə damcı qədər xeyir gətirərsə, bu, sonra dənizə çevrilir. Məhz bu meyarla müəllimlərimizin də hər biri  aldığımız  təhsilin mükəmməlliyi məsələsinə diqqətlə yanaşır.

Bütün  bunları  görən biz  tələbələrin məsuliyyəti birə-beş artır. Həm də tələbə  onu valideyni  qədər  düşünən dəyərli insanlarla təmasda olmağından qürur duyur.

Nuray ƏLİYEVA,

SDU-nun tələbəsi

1Sources