EN

“Zelenskini Moskvada, Putini isə Kiyevdə təsəvvür etmək mümkün deyil ”- Ukraynalı politoloq

Ukraynalı politoloq Yevgeni Maqda Rusiya Ukrayna münasibətləri barədə geniş müsahibə verib.

– Avropa ilə ABŞ prezidenti Donald Tramp arasında Qrenlandiya ilə bağlı yaranmış gərginlikdən sonra Avropa liderləri diqqətlərini yenidən Ukraynaya yönəldiblər. Davamlı dəstək, yeni mexanizmlər və Moskvaya artan təzyiq barədə bəyanatlar səslənir. Kiyevdə bu proseslə bağlı gözləntilər nədən ibarətdir?

– Kiyevin gözləntiləri kifayət qədər aydındır: daha çox silah tədarükü və daha çox maliyyə yardımı. Avropa İttifaqı 2026–2027-ci illər üçün Ukraynaya 90 milyard avro ayırmaq qərarı versə də, bu vəsait – nə qədər astronomik görünsə də – ölkənin bütün ehtiyaclarını qarşılamağa kifayət etmir. Aİ Rusiya qazının alınmasından imtina edib, lakin neft idxalını davam etdirir. Əks halda, Rusiyanın “kölgə donanması” çoxdan sıradan çıxmış olardı.

– Medianın yazdığına görə, ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə keçirilən iki günlük danışıqlar olduqca çətin keçib. Ərazi məsələləri əsas problem olaraq qalır. Moskva Ukrayna qoşunlarının Donbassdan tam çıxarılmasında israr edir, Kiyev isə buna qəti şəkildə qarşı çıxır. Bu danışıqlarda sülhə işarə edən hər hansı nikbin məqam varmı?

– Düşünürəm ki, ABŞ-ın bu prosesdə Donald Trampın Nobel Sülh Mükafatını almasına nail olmaq istəyi ilə hərəkət etdiyini anlamaq vacibdir. Vaşinqton 19–20-ci əsrlərin klassik beynəlxalq münasibətlər üslubunda davranaraq daha zəif tərəfə təzyiq göstərir. Ukrayna üçün Donetsk vilayətindən qoşunların çıxarılması özünü ən əlverişsiz vəziyyətə salmaq deməkdir. Hesab edirəm ki, “dürüst vasitəçi” rolunda çıxış edən tərəfdaş nə qədər təzyiq göstərsə də, Kiyev buna razı olmayacaq.

– Xarici KİV iddia edir ki, ABŞ ərazi güzəştləri müqabilində Ukraynaya 800 milyard dollar ayırmağı nəzərdən keçirir və Kiyev bu məsələ ilə bağlı ciddi təzyiq altındadır. Bu iddiaların real əsası varmı?

– Tramp və onun komandasının səsləndirdiyi 800 milyard dollar rəqəmi hazırda yalnız onların təsəvvüründə mövcuddur. ABŞ və Avropa İttifaqının bu mövzuda vahid mövqe sərgiləməsi üçün ciddi əsas görmürəm. Xatırladım ki, ötən il Vaşinqton Ukrayna ilə nadir torpaq metalları və onların hasilatı ilə bağlı müqavilə imzalamışdı. Mənim üçün bu məbləğ alleqorik mənada Bibliyadakı “30 gümüş” hekayəsini xatırladır.

– Donald Tramp Zelenskinin açıqlamalarına istinad edərək Ukraynanın sülhə hazır olduğunu bəyan edib. Eyni zamanda, Zelenski sülhün qiymətinin konkret təhlükəsizlik zəmanətləri olduğunu vurğulayıb və müvafiq razılaşmanın artıq hazırlandığını bildirib. Bu prosesin yaxın vaxtlarda reallaşması mümkündürmü?

– “Donald Tramp elan etdi” ifadəsi son vaxtlar tez-tez işlədilir, lakin bu bəyanatlar həmişə reallıqla üst-üstə düşmür. Mən bunu daim nəzərə almağı tövsiyə edərdim.

– Zelenski təhlükəsizlik zəmanətləri sistemində Avropanın rolunu, o cümlədən “könüllülər koalisiyası” çərçivəsində mexanizmləri və Ukraynanın Aİ-yə üzvlük perspektivini xüsusi qeyd edib. O bildirib ki, Ukrayna texniki baxımdan 2026-cı ilin birinci yarısında Aİ ilə bütün danışıqlar klasterlərini açmağa və 2027-ci ildə prosesi tamamlamağa hazır olacaq. Bu, nə dərəcədə realdır?

– Təəssüf ki, Ukrayna 2027-ci ildə Avropa İttifaqının üzvü olmayacaq. Avropaya inteqrasiya prosesi çoxsaylı problemlərlə müşayiət olunur. Hazırda Ukrayna Avropanın ən kasıb ölkəsidir və onun Aİ-yə üzvlüyü ilk növbədə hər bir üzv ölkənin vətəndaşı üçün ciddi maliyyə yükü deməkdir. Əmin deyiləm ki, Avropa cəmiyyətləri buna hazırdır.
– ABŞ-ın hazırkı administrasiyası Vladimir Putin və Vladimir Zelenski arasında yaxın vaxtlarda birbaşa görüşün mümkünlüyünü istisna etmir. “Axios” nəşri bu barədə Tramp administrasiyasındakı mənbələrə istinadən yazıb. Sizcə, bu məlumat nə dərəcədə inandırıcıdır?

– Düşünürəm ki, bu, Donald Trampın illüziyalar dünyasından qaynaqlanan bir fikirdir. Vladimir Zelenskini Moskvada, yaxud Vladimir Putini Kiyevdə təsəvvür etmək mümkün deyil.

Chosen
24
veteninfo.az

1Sources