Podqranın müalicəsi infarkt və insult riskini azalda bilər. Bu qənaətə Böyük Britaniyanın Nottingem Universitetinin alimləri gəliblər.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "JAMA Internal Medicine" jurnalında dərc olunub.
Araşdırma çərçivəsində podqra və hiperurikemiya diaqnozu qoyulmuş yetkin şəxslərin tibbi qeydləri təhlil edilib. Podqra sidik turşusunun oynaqlarda kristallar şəklində toplanması nəticəsində yaranan, iltihab və güclü ağrılarla müşayiət olunan xəstəlikdir. Hiperurikemiya isə podqranın əsas səbəbi hesab olunur, lakin hər zaman oynaqların ağır zədələnməsi ilə müşahidə edilmir. Bununla belə, sidik turşusunun uzun müddət yüksək səviyyədə qalması müalicə olunmadıqda podqra riskini artırır.
Alimlər sidik turşusunu azaldan terapiya alan və hədəf göstəricilərə çatan pasiyentlərlə, bu göstəriciləri yüksək qalan xəstələrin tibbi tarixçələrini müqayisə ediblər. Əsasən podqranın müalicəsində geniş istifadə olunan allopurinol preparatının təsiri araşdırılıb.
Təhlil nəticəsində məlum olub ki, sidik turşusunun səviyyəsini tövsiyə olunan həddə endirə bilən pasiyentlərdə beş il ərzində infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm kimi ciddi hallar daha az qeydə alınıb. Qoruyucu təsir xüsusilə ilkin mərhələdə yüksək ürək-damar riski olan şəxslərdə daha aydın müşahidə edilib. Eyni zamanda bu qrupda podqra tutmalarının sayı da azalıb.
Tədqiqat müəllifləri vurğulayıblar ki, əsas rol oynayan amil dərman qəbulu deyil, konkret biokimyəvi nəticənin – sidik turşusunun normaya salınmasının əldə edilməsidir.
Nuriyyə NATİQQIZI