EN

Türk jurnalist: Ankara ilə Bakı arasındakı birliyə zərbə vurmaq cəhdləri uğursuzluğa məhkumdur

Bakı, 28 yanvar, AZƏRTAC

Bəzi xarici media orqanları və fərdi sosial media istifadəçiləri tərəfindən yayılan dezinformasiya Türkiyə–Azərbaycan münasibətlərinə zərər verməyi hədəfləyir. Müəyyən dairələrin yaydığı bu yanlış məlumatlar Ankara ilə Bakı arasındakı birliyə zərbə vurmaq cəhdidir və bu cəhdlər uğursuzluğa məhkumdur.

Bir məsələni xüsusi olaraq vurğulamaq istəyirəm ki, Türkiyə ilə Azərbaycan arasındakı əsas şüar “Bir millət, iki dövlət” prinsipinə əsaslanır. Burada “iki dövlət” ifadəsini xüsusilə qeyd etmək lazımdır. Türkiyə və Azərbaycan müstəqil dövlətlərdir və öz siyasətlərini milli maraqları əsasında müəyyən etmək hüququna malikdirlər. Bu baxımdan istər daxili siyasətdə, istərsə də xarici siyasətdə müəyyən mövzularda fərqli qərarların verilməsi tamamilə təbiidir. Dövlətlərin qarşılıqlı əməkdaşlıqları, ticarət əlaqələri, iqtisadi münasibətləri mövcuddur və bu çərçivədə fərqli addımlar ata bilərlər. Lakin bu, Azərbaycanın, yaxud Türkiyənin hansısa addım atdığı zaman bir-birinin maraqlarını nəzərə almadığı, yaxud münasibətlərə zərər verəcəyi anlamına gəlmir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında türk jurnalist Zəki Gümüş söyləyib.

O bildirib ki, Türkiyə və Azərbaycan beynəlxalq arenada, müxtəlif platformalarda və ittifaqlarda hər zaman birgə hərəkət edir və ortaq mövqedən çıxış edirlər. Dezinformasiya yayanların məqsədi Bakı ilə Ankara arasında süni gərginlik yaratmaq, soyuqluq formalaşdırmaq və birgə hərəkəti zəiflətməkdir.

“Ancaq Türkiyə ilə Azərbaycan arasındakı dostluq və birlik o qədər güclüdür ki, bu cür cılız dezinformasiya cəhdləri onu sarsıda bilməz. Bu kimi fitnə xarakterli yanaşmalar iki ölkə arasındakı əməkdaşlığı və qarşılıqlı etimadı sarsıda bilməz, əksinə daha da gücləndirir. Türkiyə və Azərbaycan prezidentləri dostluq münasibətlərini təkcə siyasi səviyyədə deyil, şəxsi və səmimi münasibətlər çərçivəsində də inkişaf etdirən liderlərdir. Bu birliyi pozmağa çalışanlar hər iki tərəfin düşmənidir. Onlar Ankara ilə Bakının birlikdə hərəkət etməsini istəmirlər. Çünki iki dövlət birlikdə hərəkət etdikdə beynəlxalq arenada daha güclü mövqeyə sahib olurlar”,- deyə Z.Gümüş vurğulayıb.

Türk jurnalist əlavə edib ki, bu gün dünyada açıq şəkildə bloklaşmalar mövcuddur. Müxtəlif güc mərkəzləri öz ittifaqlarını formalaşdırırlar. Türkiyə və Azərbaycan da türk dövlətləri ilə birlikdə bu qlobal sistemdə möhkəm əməkdaşlıq və güclü dostluq nümunəsi ortaya qoyur. Əlbəttə, zaman-zaman sosial mediada və bəzi media orqanlarında cılız səslər eşidilə bilər. Bu, gözləniləndir. Lakin hazırkı şəraitdə Türkiyə ilə Azərbaycan arasında nifaq salmaq, bu tarixi qardaşlığı zədələmək mümkün deyil. Çünki aramızda dərin tarixi bağlar, möhkəm dostluq və sarsılmaz birlik var. Gələcəkdə bu əməkdaşlıq daha da güclənəcək və iki ölkə birlikdə çox uğurlu işlərə imza atacaq.

 

Chosen
18
2
azertag.az

3Sources