EN

Valideynlər uşaqları necə tərbiyə edəcək? - Yeni layihədən detal...

Valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər.

"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Yalnız qanunda nəzərdə tutulan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər.

Qeyd edilir ki, hər bir uşağın vicdan azadlığı vardır və hər kəs uşağın vicdan azadlığına hörmətlə yanaşmalıdır.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna görə, hər bir uşağın vicdan, fikir və söz azadlığı var. Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar. Uşağın səhhətinə zərərli təsir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır.

"Cebheinfo.az"

Chosen
94
33
cebheinfo.az

10Sources