EN

Qərbin qorxduğu İslam Ordusu! Müsəlman NATO-su faktora çevrilir

Qərbin “heç vaxt olmayacaq” dediyi ideyalar adətən ən gözlənilməz anda reallığa çevrilir. İllər boyu “İslam Ordusu” anlayışı Qərb üçün ya kabus, ya da istehza mövzusu idi. Bu gün isə eyni ideya daha rasional adla, real güc elementləri ilə və açıq siyasi iradə ilə geri qayıdır. Müsəlman NATO-su artıq ehtimal yox, formalaşan reallıqdır.

Bəli, illərdir “İslam Ordusu” anlayışı Qərbdə ya mif, ya da qorxu obyekti kimi təqdim olunurdu. Bu gün isə həmin ideya real mexanizmə dönür.

Son aylarda Türkiyə–Pakistan–Səudiyyə Ərəbistanı xətti üzrə müzakirə olunan mümkün hərbi ittifaq təsadüfi gündəm deyil. Bu mövzu nə ideoloji romantikanın, nə də dini şüarların məhsuludur. Bu təşəbbüs ABŞ-a güvənin zəiflədiyi, regional risklərin artdığı və mövcud təhlükəsizlik arxitekturasının çat verdiyi bir dövrdə formalaşan sərt reallığın nəticəsidir.

“Müsəlman NATO-su” ifadəsi emosional səslənsə də, arxasında duran məntiq son dərəcə rasionaldır: güc boşluğu yaranıb və bu boşluq doldurulmalıdır.

Bu istiqamətdə atılmış ən ciddi addım 2025-ci ilin sentyabrında Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış qarşılıqlı müdafiə razılaşması oldu. Müqavilənin məzmunu açıqdır və təsadüfi yozuma yer qoymur. “Any act of aggression against one party shall be considered an act of aggression against both.” (Hər hansı bir tərəfə qarşı aqressiya hər iki tərəfə qarşı aqressiya sayılacaq.) (Pakistan–Saudi Strategic Mutual Defence Agreement)

Bu cümlə klassik NATO-nun kollektiv müdafiə prinsipinin yüngülləşdirilmiş formasıdır. Məhz buna görə Qərb mediası bu sənədi sadə ikitərəfli razılaşma kimi yox, daha geniş təhlükəsizlik mexanizminin təməli kimi dəyərləndirir. Elə bu kontekstdə Türkiyənin rolu ön plana çıxır.

Bloomberg və ona istinad edən nəşrlər Türkiyənin bu çərçivəyə qoşulmaq üçün danışıqlarda ciddi şəkildə irəli getdiyini yazır. “Turkey is in advanced talks to join the Saudi–Pakistan defence framework.” (Türkiyə Səudiyyə Ərəbistanı–Pakistan müdafiə çərçivəsinə qoşulmaq üçün irəli mərhələdə olan danışıqlar aparır.) (Bloomberg, The Jerusalem Post)

Bu artıq ehtimal yox, prosesdir. Və bu prosesin yaxın zamanda siyasi çərçivəyə salınacağı gözlənilir. Qərb və regional mənbələrə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın gələn ay Səudiyyə Ərəbistanına planlaşdırılan səfəri məhz bu baxımdan kritik hesab olunur. Səfərin əsas gündəm mövzularından birinin Türkiyənin bu təhlükəsizlik mexanizminə formal şəkildə daxil olması gözlənilir. Bu, ittifaqın kağız üzərindən real mərhələyə keçidi deməkdir.

Bu üçlüyün potensialı sadə, amma sarsıdıcı formulla izah olunur: Səudiyyə Ərəbistanının maliyyə resursları, Türkiyənin sürətlə inkişaf edən hərbi sənayesi və Pakistanın strateji, o cümlədən nüvə çəkisi. Qərb analitikləri bu kombinasiyanın regionda güc balansını dəyişdirə biləcəyini açıq şəkildə etiraf edirlər. “The combination of Saudi capital, Turkish defence industry and Pakistan’s nuclear capability changes the strategic calculus.” (Səudiyyə kapitalı, Türkiyə müdafiə sənayesi və Pakistanın nüvə imkanlarının birləşməsi strateji hesablamaları dəyişir.) (The Economic Times)

Bu ittifaqın cazibəsi yalnız bu üç ölkə ilə məhdudlaşmır. Səudiyyə Ərəbistanının ətrafında siyasi və maliyyə baxımından sıx bağlı olan Körfəz ölkələri uzun illər təhlükəsizliklərini ABŞ hərbi çətiri altında təmin etdiklərinə inanırdılar. Lakin son böhranlar göstərdi ki, bu çətir nə həmişə açıqdır, nə də hər kəsi eyni anda qoruyur. Məhz buna görə Körfəz ölkələrində alternativ təhlükəsizlik mexanizmlərinə maraq sürətlə artır. “Gulf states are reassessing their reliance on US security guarantees.” (Körfəz ölkələri ABŞ təhlükəsizlik zəmanətlərinə güvənlərini yenidən dəyərləndirirlər.) (The Financial Times)

Sentyabrın 9-da Dohada baş verən və BBC-də yer alan insidentlərlə bağlı yayılan məlumatlar Körfəz ölkələrinə açıq mesaj verdi: böyük güclərin qarşıdurması zamanı coğrafiya artıq səni avtomatik qorumaq demək deyil. Azərbaycan Xarici İşlər Nazirliyinin Qətərlə bağlı dərhal narahatlıq ifadə etməsi də bu riskin regional səviyyədə necə əks-səda doğurduğunu göstərdi.

Eyni məntiq Türkiyə xətti üzrə də işləyir. Türkiyə artıq təkcə NATO üzvü deyil. O, türk dövlətləri üçün hərbi texnologiya, təlim və təhlükəsizlik modeli təqdim edən mərkəzə çevrilib. Bu səbəbdən Türk Dövlətlərinin Türkiyə üzərindən bu tip təhlükəsizlik şəbəkəsinə dolayı və ya birbaşa qoşulması real ssenari kimi dəyərləndirilir. “Turkey is increasingly seen as a security provider for the Turkic world.” (Türkiyə getdikcə türk dünyası üçün təhlükəsizlik təminatçısı kimi qəbul edilir.) (Nikkei Asia)

Bu proses regionda ən çox iki aktoru narahat edir: İran və İsrail. İran üçün bu ittifaq sünni mərkəzli alternativ təhlükəsizlik oxudur və Tehranın ideoloji-təsir zonalarını daraldır. İsrail üçün isə problem daha dərindir. Regional səviyyədə koordinasiya olunan təhlükəsizlik mexanizmi onun da təkbaşına hərəkət azadlığını məhdudlaşdırır və strateji manevr sahəsini kiçildir. “This alignment could constrain Israel’s freedom of action even without direct confrontation.” (Bu yaxınlaşma birbaşa qarşıdurma olmasa belə İsrailin manevr azadlığını məhdudlaşdıra bilər.) (Foreign Policy)

Bu proses nə dini romantikadır, nə də ideoloji bloklaşma. Bu, qorxu ilə doğulan, amma güclə formalaşan yeni təhlükəsizlik arxitekturasıdır. ABŞ bölgədə zəmanətçi rolunu itirdikcə, boşluq öz-özünə dolmur. O boşluğu regional güclər doldurur. Türkiyə–Pakistan–Səudiyyə Ərəbistanı xətti də məhz bu boşluğun üzərində yüksəlir.

Bu gün “Müsəlman NATO-su” hələ tam rəsmiləşməyib. Amma artıq onun qarşısını almaq mümkün deyil. Çünki bu ittifaq kağızdan yox, qorxudan doğulub. Qorxu isə müqavilələrdən daha sürətlə yayılır.

Sual artıq “olacaqmı?” deyil. Sual budur: bu yeni təhlükəsizlik bloku mövcud nimdaş sistemi necə silkələyəcək və kimlər bu silkələnmənin altında qalacaq?

Elbəyi HƏSƏNLİ, SÜRİX

Chosen
1
2
turkustan.az

3Sources