ABŞ Prezidenti Donald Tramp Suriyanın gündəmində olan “ciddi bir problemin” həll edildiyini bildirib. O, bu məsələnin həllində ABŞ dövlət katibi Marko Rubionun mühüm rol oynadığını vurğulayıb.
Tramp “Fox News” telekanalına verdiyi müsahibədə Suriya ilə bağlı məsələlərə toxunaraq deyib: “Bu gün Suriya ilə bağlı çox ciddi bir problemi həll etdik, çox sayda insanın həyatı xilas olundu”.
Prezident Rubionun bu prosesdə “əla iş gördüyünü” də qeyd edib.
Lakin Tramp sözügedən problemin mahiyyəti və hansı addımların atıldığı barədə əlavə təfərrüat açıqlamayıb.
ABŞ Prezidenti bundan bir gün əvvəl Suriya Prezidenti Əhməd Şara ilə “çox yaxşı” görüş keçirdiyini bildirmiş, “Suriya və regionla bağlı siyasətlər çox yaxşı istiqamətdə irəliləyir” ifadəsini işlətmişdi.