Son illər Azərbaycanda yük nəqliyyat vasitələrinin sayı 3400-dən çox artaraq 14 193-ə çatıb.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, "İcazə" blanklarının bolluğu yaradılıb, göstərilən xidmətlər elektronlaşdırılıb və ikitərəfli yük daşımalarında bazar payımız 39%-dən 50 %-ə çatıb: "Bununla da avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları ciddi məşğulluq imkanı yaradıb. Eyni zamanda, bu sahədə kadr çatışmazlığı yaşanır. Əsasən, beynəlxalq yükdaşıma sahəsində peşəkar sürücülərə və yük avtonəqliyyat vasitələrinə texniki qulluq və təmir üzrə ustalara ehtiyac var. Qeyd olunan çətinlikləri nəzərə alaraq milli daşıyıcılara dəstək məqsədilə yeni layihəyə start verilib".
O bildirib ki, layihə çərçivəsində beynəlxalq yük daşımaları sahəsində C və CE kateqoriyalı sürücülərin hazırlanması məqsədilə təlimlər təşkil edilir: "Yekunda Dövlət İmtahan Mərkəzi tərəfindən qiymətləndirmə aparılacaq və sürücülərə 7 il müddətində etibarlı olan və beynəlxalq yükdaşıma sahəsində fəaliyyət göstərməyə imkan verən şəhadətnamələr təqdim ediləcək. Gələcəkdə işlə təmin olunmaları üçün sürücülərin daşıyıcılarla əlaqələndirilməsinə də şərait yaradılacaq. Hədəf 5000 yeni sürücünün hazırlanması və beynəlxalq bazarda iştirakının təmin edilməsidir".