EN

“Xaqani Rüstəmov-Ağa Neymətulla” layihəsinin başa çatacağı tarix açıqlanıb

Bakı, 28 yanvar, AZƏRTAC

Hazırda “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planı çərçivəsində nəzərdə tutulmuş layihələrdən “Bilgəh-Novxanı-VAZ dairəsi-Xırdalan-M4” avtomobil yolunun təqribən 60 faizi tamamlanıb, işlərin 2026-cı ilin sonuna qədər yekunlaşacağı gözlənilir. Bu layihənin davamı olan “VAZ dairəsi-M4 Şamaxı yolu” layihəsində işlərin təqribən 20 faizi tamamlanıb. İnşa işlərinin 2027-ci ildə bitməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarə heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada bildirib.

Onun sözlərinə görə, akademik Həsən Əliyev - “Koroğlu” metrostansiyası” layihəsinin 50 faizi tamamlanıb, 2026-cı ilin ikinci yarısında yekunlaşacağı gözlənilir: ““Xaqani Rüstəmov-Ağa Neymətulla” layihəsi üzrə işlərə 2025-ci ilin sonunda başlanılıb, 2027-ci ilin sonunda başa çatdırılması planlaşdırılır”.

AYNA sədri qeyd edib ki, yeni tunellər yolların buraxıcılıq qabiliyyətini artıracaq, yola sərf olunan vaxt qısalacaq.

““Xaqani Rüstəmov-Ağa Neymətulla” layihəsi çərçivəsində yeni tunel Ağ şəhər ərazisi, Babək prospekti ilə Heydər Əliyev prospekti və Nərimanov rayonu arasında əlaqəliliyin artırılması məqsədilə inşa edilir. Tunel “Excelsior” qovşağından yan keçməklə Ağ şəhərdən və Nərimanovdan çıxışı mümkün edəcək. Bu isə şəxsi nəqliyyat istifadəçilərinin yola sərf etdikləri vaxtı qısaldacaq və “Excelsior” qovşağındakı yükü azaldacaq. “Akademik Həsən Əliyev-“Koroğlu” m/st” layihəsi şərq istiqamətində (Aeroport) Bakıya alternativ giriş və çıxışın yaradılmasını nəzərdə tutur. Layihə yaxın ərazilər arasında əlaqəliliyi artıracaq yeni tunel tikiləcək. Həmçinin Həsən Əliyev küçəsinin Əhməd Rəcəbli və Aşıq Molla Cümə küçələri ilə kəsişmələrində buraxılış qabiliyyəti artacaq.

“Bilgəh–Novxanı-VAZ dairəsi-Xırdalan-M-4” və “VAZ dairəsi–M-4 Şamaxı yolu” layihələri Bilgəhdən və ətraf qəsəbələrdən Sumqayıta və geriyə, həmçinin Xırdalandan Bilgəh və Sumqayıt istiqamətinə Xırdalan dairəsi və Masazır ərazisini keçmədən alternativ yolların yaradılmasını nəzərdə tutan, bir-bir ilə əlaqəli layihələrdir. Eyni zamanda, VAZ dairəsinin yenidən qurulması, M1 və M4 avtomobil yolları arasında əlavə əlaqənin yaradılması Şamaxı, Sumqayıt, Lökbatan, Bilgəh və yaxın ərazilərdən daxil olan və çıxan nəqliyyat axınının Sumqayıt şosesinin yüklənmiş hissələrini yan keçməklə, alternativ yollar vasitəsilə yönləndirilməsinə imkan verəcək”, - deyə Anar Rzayev vurğulayıb.

Chosen
41
2
azertag.az

3Sources