
"Azərbaycanda turizmin inkişafı və turistlərin cəlb olunması üçün müxtəlif yanaşmalar mövcuddur." Bu fikirləri AzadMedia.az-a açıqlamasında Coğrafiya İnstitutunun direktor müavini, turizm eksperti Zaur İmrani deyib.
Onun sözlərinə görə, bu proses ilk növbədə turizm bazarının hərtərəfli təhlilindən başlamalıdır:
"Bazarın güclü və zəif tərəflərinin öyrənilməsi, mövcud üstünlüklərdən düzgün istifadə imkanları turizmin dayanıqlı inkişafı üçün əsas şərt hesab olunur.
Qeyd olunur ki, Azərbaycan rəngarəng təbii-coğrafi xüsusiyyətlərə malik ölkədir və zəngin təbii turizm ehtiyatları ilə seçilir. Bununla yanaşı, ölkədə mədəni irs turizmi də geniş imkanlara sahibdir. Tarixi abidələr, milli adət-ənənələr və müxtəlif mədəni tədbirlər turistlər üçün cəlbedici amillər sırasında yer alır"
Ekspert deyir ki, ekoturizmin inkişafı üçün Azərbaycanda geniş potensial mövcuddur:
"Demək olar ki, ölkənin bütün regionları bu sahədə inkişaf imkanlarına malikdir. Lakin hazırkı reallıq ondan ibarətdir ki, Azərbaycanın turizm bazarından bəhs edilərkən əsasən yalnız 2–3 region ön plana çıxarılır. Bu baxımdan regionların turizm potensialının daha effektiv təşviqi, infrastrukturun inkişafı və məqsədyönlü marketinq strategiyalarının hazırlanması vacib hesab olunur".