EN

Bədii rəhbər vəzifəsinin ləğvi teatrların yaradıcı xətti üçün heç bir risk yaratmır

Teatrın yaradıcılıq xətti üçün, onun təyin edilməsi və irəli aparılması üçün mümkün risklər heç də bədii rəhbər vəzifəsinin vacibliyi ilə tənzimlənmir.

Bakıvaxtı.az xəbər  verir ki, bunu Report-a müsahibəsində Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova deyib.

Onun sözlərinə görə, Azərbaycanda dövlət teatrlarının cəmi ikisində bədii rəhbər ştatı olub:

"Bunlar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Dövlət Pantomima Teatrıdır. Bu baxımdan, həmin vəzifənin ləğvi ilə teatrın yaradıcı xətti üçün heç bir risk görmürəm".

Nazirlik rəsmisi onu da bildirib ki, teatrın yaradıcılıq xətti üçün, onun təyin edilməsi və irəli aparılması üçün mümkün risklər heç də bədii rəhbər vəzifəsinin vacibliyi ilə tənzimlənmir:

"Burada vacib olan bir çox amillər var. Teatrın fəaliyyətini tənzimləyəcək hüquqi normativ sənədləri, həmçinin əsasnaməsini misal çəkə bilərik. Bu qayda və meyarlar fəaliyyət zamanı nəzərə alınacağı təqdirdə, repertuar siyasəti də doğru yürüdüləcək. Yəni həmin funksiyalar kollegial idarəetmə prinsipləri əsasında və yeni yaradılmış struktur bölmələri vasitəsilə həyata keçiriləcək. Burada əsas məqsəd qərarların bir nəfər üzərində cəmlənməsi deyil, kollektiv məsuliyyət və aydın funksional bölgü mexanizminin formalaşdırılmasıdır. Unutmayaq ki, yeni struktura əsasən, dövlət teatrlarında yaradıcı məsələlər üzrə direktor müavini, yaradıcı şöbə müdiri kimi vəzifələr də yer alır".

B.Talıbova vurğulayıb ki, yeni modeldə vəzifə adları üzərində müzakirələr apararkən onu da nəzərə almaq lazımdır ki, bir çox teatrda həmin vəzifələr olmadan belə o istiqamətdəki problemlər öz həllini tapırdı.

Onun sözlərinə görə, struktur dəyişikliyi aparılırarkən bütün məqamlar nəzərə alınıb:

"Bu mənada, vəzifə adları üzərində müzakirələr apararkən onu da nəzərə almaq lazımdır ki, bir çox teatrda həmin vəzifələr olmadan belə o istiqamətdəki problemlər öz həllini tapırdı. Lakin yeni struktura əsasən, yaradılan marketinq üzrə mütəxəssis, layihələr üzrə mütəxəssis, qrafik dizayner və bu kimi bir sıra vəzifələr teatrın bugünkü və mütləq ehtiyacı idi".

Nazirlik rəsmisi qeyd edib ki, qərarın ictimai müzakirə doğurması normaldır və daha çox müsbət rəylər özünü göstərir:

"Lakin burada başqa bir məsələ də nəzərə alınmalıdır: islahat öz təsdiqini tapmadan öncə, tətbiqinə başlamazdan əvvəl teatrlarda ehtiyac olan vəzifələr üçün sorğu aparılıb. Məhz bu sorğular əsasında, onlara verilən cavablar əsasında ümumi nəticəyə gəlinib və yekun qərar verilib".

Chosen
32
3
bakivaxti.az

4Sources