Elm və Təhsil Nazirliyində son aylarda “süni intellekt” adı altında keçirilən təmtəraqlı təqdimatlar, konfranslar və PR kampaniyaları əslində çox sadə bir həqiqəti ört-basdır etməyə xidmət edir: bu qurum bu gün təhsili yox, öz daxili intriqalarını idarə etməklə məşğuldur...
Nazir Emin Əmrullayev cəmiyyətə modern idarəçilik görüntüsü satmağa çalışır, amma nazirliyin içində real mənzərə tamamilə başqadır. Burada proseslər təhsil məntiqi ilə yox, qruplaşmaların, şəxsi münasibətlərin və təsir dairələrinin toqquşması ilə hərəkət edir. Nazirliyin kulislərində artıq açıq-aşkar danışılır ki, aparat rəhbəri Mətin Kərimli ayrıca güc mərkəzidir, nazir müavinləri, xüsusilə Həsən Həsənli ayrı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov isə öz xəttini çəkir. Bu xətlərin toqquşması nazirliyi faktiki olaraq iflic vəziyyətinə salıb. Emin Əmrullayev isə bu mənzərənin fonunda nə sistemi silkələyə bilir, nə də proseslərə tam nəzarət edə bilir. O, islahatçıdan çox balans saxlayan məmura çevrilib.
Bu daxili savaşın ən çılpaq göründüyü yerlərdən biri Bakı Şəhəri üzrə Təhsil İdarəsidir. Nazirliyin içindən sızan məlumatlara görə, Emin Əmrullayevin uşaqlıq dostu Tural Eyvazlı bacısını bu quruma rəhbər gətirmək istəyib. Amma bu plan Mətin Kərimli və Eşqi Bağırovun müqaviməti ilə qarşılanıb və baş tutmayıb. Bu faktın özü artıq göstərir ki, söhbət dövlət idarəçiliyindən yox, kim-kimi haraya yerləşdirir savaşından gedir.
Eşqi Bağırov öz kadrını – Nərminə Hüseynovanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə rəhbər gətirdi. Məhz bu təyinatdan sonra sistemin içində ciddi qarşıdurma başladı. Çünki Nərminə Hüseynova əvvəlki dövrdən qalma toxunulmazlıq zonalarına toxunmağa başladı. Xüsusilə də illərdir Xəyalə Əhmədzadənin xeyir-duası ilə təyin olunmuş məktəb direktorlarının və uşaq bağçası müdirlərinin fəaliyyəti ciddi şəkildə yoxlanılmağa başladı. Uzun müddət nazirlikdə ən çox danışan, ən çox proseslərə müdaxilə edən fiqurlardan biri olan Xəyalə Əhmədzadənin son aylarda açıq-aşkar narazı olması da məhz bununla bağlıdır. Çünki söhbət tək-tək direktor və müdirlərdən yox, illər ərzində qurulmuş şəbəkədən gedir. Nazirə rəğmən Əmrullayevin uşaqlıq dostları Eşqi Bağırov və kadrı ilə bacara bilmirlər.
Qısacası, bu gün Elm və Təhsil Nazirliyində gedən savaş təhsil uğrunda deyil. Bu savaş uşaqların gələcəyi üçün deyil. Bu savaş müəllimlərin vəziyyəti üçün deyil. Bu savaş kabinetlər, səlahiyyətlər, nəzarət mexanizmləri və pullu axınlar üçündür. Emin Əmrullayev isə bütün bunların fonunda çıxıb süni intellektdən, rəqəmsallaşmadan, yeni dövrdən danışır.
Halbuki problem kompüterlərdə deyil. Problem platformalarda deyil. Problem proqramlarda deyil. Problem bu sistemin başındadır və içindədir.
Bütün bunların fonunda insanın ağlına çox sadə, çox amansız bir sual gəlir: nazirliyin içində bu qədər çəkişmə, bu qədər intriqa, bu qədər klan savaşı varsa, süni intellekt buna nə edə bilər? Süni intellekt kimə tabe olacaq? Mətin Kərimliyə, Eşqi Bağırova, yoxsa bu gün var, sabah yox olan hansısa qruplaşmaya?
Əgər sistemin içində sülh yoxdursa, əgər rəhbərlik öz evinin içində vahid komanda qura bilmirsə, əgər bir qurumun içində hər kəs bir-birinin ayağını qazıyırsa, oraya dünyanın ən ağıllı texnologiyasını da gətirsən, nəticə dəyişməyəcək. Sadəcə xaos daha sürətli, intriqa daha çevik, çəkişmə daha “müasir” olacaq.
Nazirlik içində çəkişmədir. Bu halda süni intellekt buna nə etsin? (yenicag.az)
Poliqon.info