EN

Çay ömrü uzadır: alimlər təsdiqlədi

Son elmi araşdırmalar çayın, xüsusilə də yaşıl çayın sağlamlıq üçün faydalarını bir daha təsdiqləyib. Mütəxəssislər bildirir ki, müntəzəm çay istehlakı ürək-damar sağlamlığını qoruyur, maddələr mübadiləsini sürətləndirir və şəkərli diabet, piylənmə, eləcə də bəzi xərçəng növlərinin riskini azaldır.

AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, çayın tərkibindəki polifenollar güclü antioksidant təsir göstərərək yaşlanma prosesini ləngidir. Bu maddələr beyin funksiyalarının zəifləməsinin və əzələ itkisinin qarşısını almaqda da mühüm rol oynayır.

Lakin mütəxəssislər çayın hər formada faydalı olmadığını vurğulayır. Xüsusilə hazır şüşə çaylar və “bubble tea” kimi sənaye üsulu ilə hazırlanan içkilər yüksək şəkər və süni əlavələr səbəbindən sağlamlıq üçün risk yarada bilər. Qeyd olunur ki, bu cür məhsullar çayın təbii antioksidant təsirini demək olar ki, tam itirir və faydanı zərərlə əvəz edir.

Maksimum sağlamlıq effekti əldə etmək üçün çayın təzə dəmlənmiş və şəkərsiz şəkildə istehlak olunması tövsiyə edilir. Yaşıl çay ən çox tədqiq olunan və faydası elmi olaraq sübut edilmiş çay növü hesab edilsə də, qara və ağ çayların da sağlam qidalanmanın bir hissəsi ola biləcəyi bildirilir.

Zeynəb Tehranlı

Chosen
6
azedu.az

1Sources