EN

Paşinyanın “ordunu gücləndiririk” MESAJI – Azərbaycana qarşı TƏHDİD?

Ermənistan Azərbaycanla müharibəyə hazırlaşmır.

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ordu Günü ilə bağlı müraciətində bildirib.

“Müharibə olmayacaq. Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh mövcuddur və sülhdən daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur”, – Paşinyan deyib.

O əlavə edib ki, Ermənistan ordusunu gücləndirməyə davam edəcək, çünki “güclü ordusu olmayan ölkə zəifdir və aqressiyaya məruz qalmaq riski daşıyır”.

Baş nazir həmçinin KTMT-ni (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) Ermənistanın dövlətçiliyini və suverenliyini məhv etmək niyyətində ittiham edib.

“2022-ci ilin sentyabr ayına qədər KTMT-dəki tərəfdaşlarımız təhlükəsizliyimizi və Ermənistan Respublikasının ərazi bütövlüyünü təmin etmək üzrə müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina edirdilər. Onlar həmçinin Ermənistan Respublikasının artıq ödədiyi yüz milyonlarla dollar dəyərində silah və texnika tədarük etməkdən imtina etdilər.

Bu, Ermənistan üçün ekzistensial təhlükə yaradırdı və açıq-aşkar görünürdü ki, bizim dövlətçiliyimizi məhv etmək və suverenliyimizi ləğv etmək qərarı qəbul olunmuşdu.

Azər Hüseynov

Məsələ ilə bağlı NOCOMMENT.az-da danışan siyasi şərhçi Azər Hüseynov bildirib ki, bu cür bəyanatlar mahiyyət etibarilə, Ermənistanın daxili siyasi mühitinə ünvanlanmış çağırışlardır:

“Paşinyan bu açıqlamalarla daha çox öz elektoratı qarşısında “vəzifəsini yerinə yetirən lider” obrazını formalaşdırmağa çalışır. Xüsusilə ordunun gücləndirilməsi və hərbi potensialın artırılması ilə bağlı səsləndirilən fikirlər real imkanlardan çox, psixoloji və siyasi təsir məqsədi daşıyır. Reallıq isə ondan ibarətdir ki, Ermənistan Silahlı Qüvvələrinin resurs, texnoloji təminat, insan potensialı və iqtisadi dayanıqlıq baxımından Azərbaycanla rəqabət aparmaq imkanları mövcud deyil”.

Şərhçinin sözlərinə görə, bu fərq təkcə say və silah üstünlüyü ilə məhdudlaşmır; söhbət hərbi doktrina, əməliyyat qabiliyyəti, regional tərəfdaşlıqlar və strateji dərinlik kimi əsas amillərdən gedir:

“Bu mənada Ermənistanın Azərbaycanın hərbi güc səviyyəsinə çatması ehtimalı, obyektiv qiymətləndirmə ilə desək, sıfırdan da aşağıdır. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi bu tip bəyanatlara laqeyd yanaşmamalıdır. Çünki məsələ təkcə Ermənistanın real gücü ilə deyil, onun niyyətləri və davranış modeli ilə bağlıdır. Tarixi təcrübə açıq şəkildə göstərir ki, Ermənistan tərəfi müxtəlif dövrlərdə götürdüyü öhdəliklərə əməl etməmək, razılaşmaları manipulyasiya etmək və vaxt udmağa çalışmaq kimi davranışlar sərgiləyib”.

Azər Hüseynov qeyd edib ki bu, siyasi ritorikadan daha çox strateji vərdişə çevrilmiş bir yanaşmadır:

“Bu səbəbdən Azərbaycan öz təhlükəsizlik siyasətində maksimal ehtiyat prinsipini əsas götürməli, mövcud təhlükəsizlik şəbəkəsini daha da genişləndirməli və dərinləşdirməlidir. Söhbət təkcə hərbi gücdən getmir; burada diplomatik manevr imkanları, regional və beynəlxalq tərəfdaşlıqlar, informasiya təhlükəsizliyi və daxili sabitliyin qorunması kimi komponentlər də eyni dərəcədə önəmlidir. Beləliklə, Ermənistanın daxili auditoriyaya hesablanmış populist bəyanatları Azərbaycan üçün real təhlükə səviyyəsini dəyişməsə də, daim diqqətdə saxlanmalı, soyuqqanlı və rasional yanaşma əsasında qiymətləndirilməlidir. Təhlükəsizlik məsələsində isə əsas prinsip dəyişməz qalmalıdır: ehtiyatlılıq heç vaxt zəiflik deyil, strateji üstünlükdür”.

Chosen
15
nocomment.az

1Sources