Arktikaya tam nəzarət uğrunda amansız savaşda hərbi faktorlar iqtisadi amillər qarşısında daha təsirsiz xarakter daşıyır və Çin səbrli, ABŞ ifrat aqressiv, Avropa Birliyi isə tərəddüdlü davranır... “Qarşıdurma üçbucağı”nda ABŞ-la ziddiyyətləri dərinləşən, rəsmi Pekini isə daha etibarlı tərəfdaş hesab edən Avropa Birliyi, həm də Çinin “səssiz ekspansiya” strategiyasının əsas hədəfinə çevrilir...
Müasir dünya “sakit ekspansiya” və Arktika uğrunda mübarizədən qaynaqlanan qlobal hərbi-siyasi böhranın girovuna çevrilməyə başlayıb. Üstəlik, mövcud situasiyadan maksimum səviyyədə faydalanmağa çalışan rəsmi Pekin də ABŞ-la kəskin ziddiyyətlər yaşayan Avropa məkanı dövlətlərini tədricən Çinin geopolitik orbitinə çəkmək planlarını işə salıb. Və bu baxımdan, qlobal məkanda dərinləşən kəskin qarşıdurmanın növbəti mərhələdə yeni dünya düzəninin formalaşma modelini tamamlaya bilər.
Onu da qeyd etmək lazımdır ki, qlobal geopolitik sistem artıq silahların yaratdığı xofla deyil, məhz kapitalın, müasir texnologiyanın və logistikanın səssiz diqtəsi ilə dəyişir. Dünya nəhənglərindən olan Çin isə bu reallığı Qərb dövlətlərindən daha tez anladı və Avropa məkanı istiqamətində “yumşaq güc” deyil, məhz “sakit ekspansiya” strategiyasını işə saldı. Və Arktika uğrunda mübarizə isə Çinin bu strategiyasının hələlik görünməyən, ancaq həlledici xarakter daşıya biləcək istiqamətidir.

Maraqlıdır ki, Çinin Avropa məkanına doğru genişlənərək, irəliləməsində nə hərbi alyansların, nə də siyasi-ideoloji təzyiqlərin təsiri müşahidə olunmur. Belə ki, rəsmi Pekin klassik imperiya üsullarından deyil, məhz qarşı tərəfi iqtisadi asılılığa məhkum etmə modelindən istifadə edir. Yəni, Çin Avropa limanlarına sərmayə yatırır, “qoca qitə”nin enerji və logistika infrastrukturuna yerləşir, strateji sənaye sahələrində səhmlərin alınmasına çalışır, texnoloji əməkdaşlıq adı altında məxfi məlumat və müasir standartlara çıxış imkanı qazanır.
Göründüyü kimi, Çinin Avropa məkanında ekspansiya strategiyası səssiz-səmirsiz reallaşdırılır. Üstəlik, Avropa dövlətləri hələlik bunu təhlükə yox, məhz “alternativ fürsət” kimi qəbul edir. Çünki ABŞ-ın tədricən güclənən tarif təzyiqlərinə və hərbi-siyasi ultimatumlarına paralel olaraq, Çin Avropa dövlətlərinə sabitlik, genişmiqyaslı ticarət platforması və sərfəli kredit imkanları təklif edir. Və son illərdə “qoca qitə” ölkələrinin üzləşdiyi strateji yorğunluq Avropanın zəif nöqtəsinə çevrilərək, Çinin “sakit ekspansiya” xarakterli addımlarına münbit şərait yaradır.
Nə qədər qəribə də olsa, Avropa Birliyi hələlik Çinin bu önəmli strategiyasına qarşı müqavimət immuniteti formalaşdırmağa imkan tapmayıb. Çünki Avropa Birliyinin uzunmüddətli geopolitik vizyonu heç vaxt olmayıb. Yəni, Avropa məkanının təhlükəsizlik təminatı ABŞ-a, iqtisadi inkişaf hədəfləri isə qlobal bazarlara bağlı olub. Bu səbəbdən də indi Avropa ölkələri Çinin investisiya kapitalını məmnunluqla qəbul etsə də, onun geopolitik nəticələrini hesablamağa həvəs göstərmır. Və nəticədə Avropa Birliyi tədricən iqtisadi qərarlarını məhz siyasi təzyiqlər altında qəbul edən aktora çevirilir.
Digər tərəfdən, Çin Avropa məkanı ilə yanaşı, Arktika arealına da yerləşməyə can atır. Çünki rəsmi Pekin Arktikanın artıq sadəcə, buzlaqlar deyil, məhz indiyə qədər diqqətdən kənarda qalmış “geoiqtisadi xəritə” olduğunu digər rəqiblərindən daha əvvəl anlamağa başlayıb. Belə ki, Arktikada nadir faydalı qazıntılar, zəngin təbii qaz və neft ehtiyatları mövcuddur. Və üstəlik, dünyanın yeni dəniz marşrutları (Şimal Dəniz Yolu), gələcək enerji və ticarət arteriyaları məhz bu arealda formalaşmağa başlayıb.
Ona görə də, rəsmi Pekin Çini “Arktikaya yaxın ölkə” elan etməklə, bu arealın yenidən bölüşdürülmə prosesinə daxil olub və bu, əslində, hüquqi boşluqlardan istifadə edən bir strateji addımdır. Rəsmi Pekinin Arktika strategiyası Çinə yeni elmi tədqiqat layihələri, liman və logistika təşəbbüsləri, Qrenlandiya və Skandinaviya istiqamətində əlavə resurs imkanları qazandırır. Və Çin bu “iqtisadi xəritə”də həm ABŞ, həm də Rusiya ilə həlledici mübarizəyə tam hazır görünür.
Onu da qeyd etmək lazımdır ki, Avropanın ən zəif yeri olan Qrenlandiya ətrafında yaranmış situasiya hazırda Çin tərəfindən geostrateji fürsət olaraq, dəyərləndirilir. Belə ki, Qrenlandiya zəngin faydalı qazıntılar baxımından, Çinin qlobal təchizat monopoliyasını qorumaq üçün olduqca önəmli ərazidir. Avropa ölkələri bu təbii resurslara ehtiyac duyur, ABŞ isə Qrenlandiyaya nəzarəti tamamilə ələ keçirtməyə çalışır.
Maraqlıdır ki, ABŞ-Çin-Avropa Birliyi üçbucağında rəsmi Pekin hələlik Qrenlandiyaya açıq iddialar irəli sürmür, yalnız investisiya və texnologiyalar təklif edir, bu barədə yekun qərarların Avropa Birliyi tərəfindən verilməsinə münbit şərait yaratmağa çalışır. Bu, yəni, məsuliyyət daşıma, ancaq qərarların qəbul olunmasını başqalarının öhdəsinə buraxmaq, rəsmi Pekinin “sakit ekspansiya” strategiyasının əsas fəlsəfəsidir.
Ancaq Çindən fərqli olaraq, ABŞ-ın Avropa ölkələri ilə münasibətlərdə əsas taktikası səs-küylü təzyiq faktoruna bağlı olsa da, effektivliyi olduqca zəifdir. Belə ki, ABŞ Avropa dövlətlərinə qarşı sərt ritorika, yüksək tariflərin tətbiqi və təhlükəsizlik təhdidləri ilə çıxış edir. Halbuki belə aqressiv yanaşma tərzi Avropa məkanında ABŞ əleyhinə əhval-ruhiyyəni daha da gücləndirir, Çinə münasibətdə daha etibarlı alternativ tərəfdaş yanaşmasının formalaşmasını sürətləndirir, kollektiv Qərb daxilində transatlantik ortaq mövqe bağlarını ciddi şəkildə zəiflədir. Və beləliklə, ABŞ Avropa ölkələrinə qarşı davranışları ilə “qoca qitə”ə Çinin strateji mövqelərini daha da möhkəmləndirir.
Göründüyü kimi, Arktikaya nəzarət uğrunda amansız savaş başlayıb. Ancaq bu savaşda hərbi faktorlar iqtisadi amillər qarşısında daha təsirsiz xarakter daşıyır. “Qlobal qarşıdurma üçbucağı”nda Çin səbrli, ABŞ ifrat aqressiv, Avropa Birliyi isə tərəddüdlü davranır. Bu savaşda ABŞ-la ziddiyyətləri dərinləşən Avropa Birliyi həm də Çinin “səssiz ekspansiya” strategiyasının əsas hədəfinə çevrilir. Belə ki, Çinin Avropaya yönəlik “sakit ekspansiyası” və Arktika uğrunda resurs mübarizəsi əslində, eyni prosesin iki paralel istiqamətidir. Və ABŞ-dan narazı qalaraq, Çinə yaxınlaşan Avropa Birliyi bu savaşda tədricən mövqelərini itirən, ancaq indi baş verənlərin real nəticələrini yalnız illər sonra anlayan aktora da çevrilə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
![]()