“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə Birliyin bir qrup üzvü üçün maarifləndirici və psixoloji dəstək xarakterli təlim təşkil olunub.
Bu barədə QHT. az-a “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova məlumat verib.Onun sözlərinə görə, təlim Sumqayıt Reabilitasiya Mərkəzinin psixoloqu Ləman Şərifli və yoqa mütəxəssisi Sevindik Mehdiyev tərəfindən keçirilib. Tədbir zamanı iştirakçılara psixoloji sağlamlığın qorunması, stresin idarə olunması, emosional tarazlığın bərpası, eləcə də yoqa məşqlərinin fiziki və psixoloji sağlamlığa müsbət təsiri barədə ətraflı məlumat verilib.
Təlim interaktiv formada keçib, iştirakçıların sualları cavablandırılıb və praktiki məşqlər nümayiş etdirilib. Tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin psixoloji rifahının gücləndirilməsi, sosial inteqrasiyasına dəstək və sağlam həyat tərzinin təşviqidir.
İştirakçılar təlimi yüksək dəyərləndirib və bu cür maarifləndirici tədbirlərin davamlı olmasının vacibliyini vurğulayıblar.