EN

Cənubi Azərbaycanın İranın tərkibində olmasının tarixi-hüquqi əsası yoxdur - Professor Kərim Şükürovun məqaləsi

Tarixin daha qədim çağlarına getmədən Səfəvilər dövlətindən (1501-1736) başlamaq olar. Səfəvilər dövlətinin Azərbaycan dövləti olması, İran tarixşünaslığının iddiasına baxmayaraq, təsdiq olunmuş faktdır. Azərbaycan torpaqları Səfəvi dövlətinin əsasını təşkil etmiş, onun formalaşması və inkişafında əsas faktor olmuşdur. Səfəvilər dövləti əfqanların hücumu ilə əlaqədar böhran keçirdiyi dövrdə məşhur Azərbaycan sərkərdəsi Nadir xan (1736-cı ildən Nadir şah) onun ərazisini bərpa etmiş, Əfşarlar imperiyasını yaratmışdır. Nadir şah Şirvan, Qarabağ, Təbriz və Çuxursəəd bəylərbəyliklərini ləğv etmiş və onların əsasında Azərbaycan vilayəti yaratmış, yəni Azərbaycanın cənub və şimalını eyni inzibati vahiddə birləşdirmişdir. Qardaşı İbrahim xanı da bu vilayətin hakimi təyin etmişdir.

Nadir şahın qətlindən sonra Azərbaycanda xanlıqlar yaranmışdır. Onlar tarixi-coğrafi və etnik baxımdan vahid Azərbaycanın ərazisini təşkil etmiş, yalnız coğrafi yerləşməsinə görə, şərti olaraq Şimali və Cənubi Azərbaycan xanlıqları kimi ifadə olunmuşdur. Bu durumu analoji baxımdan Avropada milli dövlətlər yarananadək onların müxtəlif siyasi hakimiyyətlərə parçalanma dövrü ilə müqayisə etmək olar.

Azərbaycan xanlıqları, xüsusilə daha güclü xanlıqlar, müstəqil siyasi xətt yeritmişdir. Bu beynəlxalq müqavilələr ilə də tanınmışdır. 1782-ci ildə Rusiya və Quba xanlığı arasında ticarət müqaviləsi imzalanmışdır. 1802-ci ildə Rusiya imperiyası ilə Qafqaz hakimləri, o cümlədən Şeyxəli xan və Mir Mustafa xanın iştirakı ilə müqavilə imzalanmışdır.

Qafqazdakı rus qoşunlarının baş komandanı Sisianov Gəncəni silah gücünə işğal etməzdən əvvəl onunla müqavilə bağlamaq haqqında təklif vermişdir. Müqavilənin şərtlərinə baxmayaraq, bu o demək idi ki, Sisianovun timsalında Rusiya hökuməti onu müstəqil hakim kimi qəbul edirdi. 1805-ci il müqavilələri (Qarabağ, Şəki və Şirvan xanlıqları ilə) də bu xanlıqların beynəlxalq hüququn subyekti kimi qəbul edilməsi idi.

Ağa Məhəmməd şahın atası qeyri Azərbaycan torpaqlarını da birləşdirmə siyasəti yürüdürdü

Xanlıqlar dövrünün əsas məzmununu mərkəzləşdirmə uğrunda mübarizə təşkil edirdi. Bu iki istiqamətdə gedirdi. Urmiya, Quba və Qarabağ xanlıqları Azərbaycan torpaqlarını mərkəzləşdirməyə çalışırdı. Qubalı Fətəli xan (1758-1789) Azərbaycanın şimal-şərq torpaqlarını birləşdirməyə nail olmuşdur.

Mazandaran hakimi, əslən qacar tayfasından olan Məhəmmədhəsən xan (Ağa Məhəmməd şah Qacarın atası) (1747-1759) isə keçmiş Səfəvilər və Əfşarlar imperiyasının ərazisindəki qeyri Azərbaycan torpaqlarını da birləşdirmə siyasəti yürüdürdü. Bu baxımdan Məhəmmədhəsən xan həm digər rəqibləri, həm də Azərbaycan xanlıqları ilə də mübarizə aparırdı. Məhəmmədhəsən xanın öldürülməsindən sonra, zəndlərin hakimi Kərim xan (1763-1779) hakimiyyət uğrunda mübarizədə qalib gəlmişdir. Kərim xan yalnız vəkil titulu daşımış, özünü şah elan etməmişdir, yəni nominal hakim olmuşdur. Onun tabe edilən xanlıqlara münasibəti də bunu sübut edir. Belə ki, tabe edilən hakimlər, o cümlədən Qarabağ xanı Pənah xan Şiraza aparılmış və burada girov kimi saxlanmışdır.

Qacar Azərbaycanın cənubu ilə birgə, şimalını da birləşdirmək niyyətində idi

Kərim xanın ölümündən sonra Ağa Məhəmməd xan Qacar atasının siyasətini davam etdirmişdir. Bu zaman Şah İsmayılın (1501-1524) siyasətindən fərqli bir xətt izlənilmişdir. Şah İsmayıl ilk vaxtlar Azərbaycanın şimalına yürüş etmiş, buradan qayıdarkən Naxçıvanda Ağqoyunlu Əlvənd Mirzə üzərində qalib gəlib, Təbrizə daxil olmuş, Səfəvilər dövlətinin yaradılmasını elan etmiş, sonra ərazilərini genişləndirmişdir. Ağa Məhəmməd Qacar isə 1780-ci illərin əvvəllərində Mazandaran, Astrabad və Gilanı, ikinci yarısında isə Tehran, Qum, Kaşan və İsfahanı ələ keçirmiş, Tehranı mərkəzə çevirmişdir. 1791-ci ildə zəndlərin mərkəzi Şiraz tutulmuşdur və s. Qacar Azərbaycan torpaqları uğrunda da həlledici mübarizəyə başlamış, ilk olaraq Azərbaycanın cənub xanlıqları birləşdirilmişdir.

Ağa Məhəmməd şah Qacar Azərbaycanın cənubu ilə birgə, şimalını da birləşdirmək niyyətində idi. 1795-ci ildə Azərbaycanın şimalındakı torpaqlar uğrunda da mübarizə başlanmışdır. Qarabağ xanlığını tutmaq mümkün olmadıqda, Tiflis üzərinə yürüş təşkil edilmişdir. Qacar yalnız 1796-cı ilin mayında Muğanda tacqoyma mərasimi keçirmişdir. Azərbaycanın Şimal xanlıqları uğrunda mübarizə yenə də gündəlikdə olmuş, lakin Şuşa alındıqdan sonra, 1797-ci ildə burada öldürülmüşdür. Cənubi Qafqazda Rusiya imperiyasının mövqeyi güclənməyə başlamışdır.

Nadir şah dövründə Azərbaycan adı həm şimala, həm də cənuba aid edilirdi

Yeni Qacar hökmdarı Fətəli şah (1797-1834) Ağa Məhəmməd şahın Azərbaycan siyasətini davam etdirməyə çalışmış, lakin Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə bu siyasət baş tutmamışdır. Buna görə də əsas diqqət Azərbaycanın cənub torpaqlarına yönəlmişdir. Cənubi Azərbaycan ərazisi vahid Azərbaycan əyalətində birləşdirilmişdir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan adı Nadir şahın dövründə Azərbaycanın həm şimalına, həm də cənubuna aid edildiyi halda, bu dövrdə vəziyyət dəyişdi. Rusiya imperiyası Azərbaycanın şimal xanlıqlarını ələ keçirsə də, bir tərəfdən, burada vahid inzibati ərazi yaratmaq əvəzinə parçalanmış vəziyyətin saxlanmasına üstünlük verdi, digər tərəfdən tarixi-etnik Azərbaycan torpaqlarında "Erməni vilayəti" (1828-1840) yaratdı. Qacarlar isə Azərbaycanın cənub ərazisini Azərbaycan əyaləti adlandırdılar. Əyalətin hakimi də Fətəli şahın oğlu, vəliəhd Abbas Mirzə təyin edilmişdi və bu prosedur sonra ənənəvi hal almışdır. Belə bir yanaşma Azərbaycanın (cənub) yeni yaranan Qacarlar dövləti tərkibində özünəməxsus etno-ərazi birliyi olmasını göstərir. Qeyd edilən fakt Rusiya imperiyası tərəfindən də təsdiq edilmiş və tarixi baxımdan mühüm bir fikir də irəli sürülmüşdür. Qriboyedov 1826-1828-ci illər müharibəsinin gedişi zamanı Qaraziədindəki sülh danışıqlarında Azərbaycana (cənub) sahib olmaqdan, bu geniş vilayətin müstəqilliyindən bəhs edir, lakin Rusiyanın müharibədə qələbəsi ilə vəziyyət dəyişdi. Əvvəlcə Gülüstan, sonra isə Türkmənçay müqaviləsi ilə Qacarlar dövlətinin Cənubi Azərbaycan torpaqlarını da öz içinə alan, bəzi dəyişikliklər ilə bu günədək davam edən, şimal sərhədləri formalaşdırıldı.

Cümhuriyyətin Azərbaycan adlandırılması onun Cənubi Azərbaycana iddiasını da ortaya qoyurdu

Chosen
18
aznews.az

1Sources