EN

Rubio: Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ümumi razılaşma əldə olunub

ABŞ dövlət katibi Marko Rubio Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsində beynəlxalq səviyyədə ümumi uzlaşmanın formalaşdığını bildirib.

Editor.az xəbər verir ki, Rubio bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsində çıxışı zamanı danışıb. O, Ukraynaya təqdim ediləcək təhlükəsizlik zəmanətləri ilə bağlı beynəlxalq müstəvidə ümumi konsensusun əldə olunduğunu qeyd edib.

Rubio vurğulayıb ki, hazırda Ukrayna üçün nəzərdə tutulan təhlükəsizlik zəmanətləri geniş müzakirə olunur və bu istiqamətdə böyük ölçüdə ortaq mövqe formalaşıb. Sözügedən zəmanətlər ilk mərhələdə Fransa hərbi qüvvələrinin rəhbərliyi altında kiçik Avropa hərbi kontingentlərinin yerləşdirilməsini, sonrakı mərhələdə isə ABŞ-ın dəstəyini nəzərdə tutur.

ABŞ dövlət katibi bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri mexanizmi faktiki olaraq Vaşinqtonun hərbi və strateji dəstəyinə əsaslanır.

Rubio əlavə edib ki, müttəfiq ölkələr müdafiə sahəsinə kifayət qədər investisiya yatırmadıqları üçün müstəqil şəkildə təhlükəsizlik zəmanəti vermək imkanına malik deyillər və bu baxımdan ABŞ-ın dəstəyi qaçılmazdır.

//Gülnarə Abasova, Editor.az

Chosen
11
editor.az

1Sources