Tarixi uğura imza ataraq ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın potensial rəqibləri müəyyənləşib.
Publika.az-ın məlumatına görə, əsas mərhələni 22-ci sırada başa vuran Ağdam klubu növbəti raundda PSJ (Fransa) və ya "Nyukasl"a (İngiltərə) rəqib olacaq. Bu komandalar liqa mərhələsini müvafiq olaraq 11 və 12-ci pillədə başa vurublar. Reqlamentə əsasən Azərbaycan çempionunun püşkatma mərasimindəki rəqibi adları çəkilən klublardan biri olacaq.
Pley-off mərhələsinin püşkü yanvarın 30-da atılacaq. Raundun ilkin görüşləri 17-18 fevralda, cavab oyunları isə 24-25 fevralda keçiriləcək.