EN

Rubio: Maduronun ələ keçirilməsi ABŞ-yə Rusiyanı və Çini Venesueladan sıxışdırmağa imkan verdi...

Vaşinqton Venesuelada İran, Rusiya və Çin təsirinin zəiflədilməsi üçün real imkanların yarandığını bildirir...

Poliqon xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Venesuelada İranın mövcudluğunun zəiflədilməsi və Rusiya ilə Çin təsirinin aradan qaldırılması istiqamətində “ciddi danışıqların” başlandığını açıqlayıb. Onun sözlərinə görə, Nikolas Maduro hakimiyyətdə qaldığı müddətdə bu cür proseslərin mümkün olması qeyri-mümkün idi. Rubio Venesuelada ABŞ ilə münasibətlərin bərpasını istəyən xeyli siyasi və ictimai qüvvənin olduğunu da vurğulayıb.

“Nə indi danışdığımız siyasi məhbusların azad edilməsi, nə neft sektorunun qanuni fəaliyyət modelinə keçidi, nə də İran, Rusiya və Çin təsirinin zəiflədilməsi Maduronun hakimiyyətdə qaldığı şəraitdə mümkün ola bilərdi”, – deyə Marko Rubio Senatın Beynəlxalq Əlaqələr Komitəsində çıxışı zamanı bildirib. Onun çıxışı NBC News-un YouTube kanalında yayımlanıb.

ABŞ dövlət katibi əlavə edib ki, Ağ Ev Venesuelada sistemli dəyişikliklərə nail olmaq, həmçinin ölkənin ABŞ-nin “bütün geosiyasi rəqibləri üçün mərkəzi əməliyyat bazası” olmaqdan çıxmasını istəyir. Rubionun sözlərinə görə, Vaşinqton Karakasla münasibətlərdə köklü dönüşə ümid edir.

Qeyd edək ki, yanvarın 3-də ABŞ hərbçiləri Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşının ələ keçirilməsi məqsədilə əməliyyat həyata keçirib. Cütlük ABŞ-yə aparılıb, həbs edilib və narkoterrorizmlə bağlı sui-qəsd, kokain qaçaqmalçılığı və silah saxlama ittihamları ilə üzləşib. Hazırda Venesuelaya vitse-prezident Delsi Rodriges rəhbərlik edir. Reuters agentliyinin məlumatına görə, ABŞ kəşfiyyatı onun Vaşinqtonla əməkdaşlığa hazır olub-olmadığına və Rusiya, Çin və İranla əlaqələri kəsmək niyyətinə şübhə ilə yanaşır.

Poliqon.info

Chosen
21
poliqon.info

1Sources