EN

ABŞ-də demokratların lideri partiya üzvlərini Minnesota ştatına getməməyə çağırıb

Federal hökumətə qarşı etirazlar fonunda təhlükəsizlik risklərinin artdığı bildirilir...

Poliqon xəbər verir ki, ABŞ Nümayəndələr Palatasında demokrat azlığın lideri Hakim Ceffris Demokratlar Partiyasını təmsil edən qanunvericiləri Minnesota ştatına səfər etməməyə çağırıb. Axios nəşrinin məlumatına görə, Ceffris bu müraciəti ştatda federal hökumətin siyasətindən narazı olanların keçirdiyi kütləvi etiraz aksiyaları ilə əlaqələndirib.

Son günlər bir sıra demokrat senatorlar və konqresmenlər etirazçılara dəstək məqsədilə Minnesota ştatına, o cümlədən Minneapolis şəhərinə səfər ediblər. Aksiyalarda iştirak edənlər ABŞ-nin Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) fəaliyyətini kəskin tənqid edirlər.

Lakin Hakim Ceffris bir qrup demokrat qanunvericiyə ünvanladığı məktubda Minnesota ştatında hüquq-mühafizə orqanlarının ölkənin müxtəlif bölgələrindən gələn konqres üzvlərinin təhlükəsizliyini təmin etməkdə çətinlik çəkdiyini vurğulayıb. Onun fikrincə, mövcud vəziyyət deputat və senatorların təhlükəsizliyi baxımından ciddi risklər yaradır.

Axios-un Konqresdəki mənbəsinin bildirdiyinə görə, Minnesota ştatının yerli hakimiyyət orqanları da demokrat qanunvericiləri təhlükəsizliklə bağlı problemlər barədə xəbərdar ediblər və ştata səfərlərin məhdudlaşdırılmasını tövsiyə ediblər.

Qeyd edək ki, yanvarın 28-də ABŞ Konqresinin aşağı palatasının Demokratlar Partiyasından olan üzvü İlhan Omar Minneapolisdə çıxışı zamanı hücuma məruz qalıb. Hadisə etiraz aksiyalarının gərginləşdiyi bir vaxtda baş verib.

Poliqon.info

Chosen
24
poliqon.info

1Sources