EN

Şadlıq sarayının qarşısında həmyerlilərini döyən şəxslə bağlı QƏRAR

Şəki Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cavid Fərəcov və Amid Məmmədovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Oğuz Rayon Məhkəməsinin hökmü cəzaya aid hissədə dəyişdirilib, Milli Məclisin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli qərarının 2.6, 5.2.2 və 5.3-cü bəndlərinə görə, Cavid Fərəcovun Oğuz Rayon Məhkəməsinin hökmü ilə ona təyin olunan 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından azad olunub.


İttihama görə, Cavid Fərəcov qohumu olan Amid Məmmədovla birlikdə bir qrup şəxs halında hərəkət edərək ötən il Oğuz şəhəri, Arzu Əliyev küçəsində yerləşən “Nizami” şadlıq sarayının yaxınlığında heç bir əsaslı səbəb olmadan xuliqanlıq hərəkətləri törədib.


Belə ki, həmin vaxt Oğuz rayon sakini, zərərçəkmiş Hacı Nağızdənin (adı, soyadı şərtidir) qolunun ona dəyməsini bəhanə edən təqsirləndirilən şəxslər qərəzli şəkildə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər ediblər.


Mübahisə zamanı Cavid zərərçəkmiş şəxsin baş və bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə bir neçə dəfə vurub. Eyni zamanda, Amid də Hacının baş nahiyəsindən yumruqla zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə sağ dirsək oynağının arxa səthinin, sağ əlin üst və ovuc səthinin, sol kürək və bel nahiyəsinin, döş qəfəsinin sol qoltuqaltı hissəsinin, başın sağ gicgah nahiyəsinin sıyrıqları, həmçinin alt çənənin sağ tərəfində qançır şəklində sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirilib.


Oğuz Rayon Məhkəməsinin hökmü ilə Cavid Fərəcov 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Amid Məmmədovun isə hər ay qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 5 ay 22 gün müddətinə islah işləri cəzası təyin olunub.

 

Kamal Məmmədov 

Tarix: 29 Yanvar 2026, 09:02   
Chosen
6
pravda.az

1Sources