EN

Yeni qanun: doktorantura dəyişir, universitetlərə muxtariyyət verilir

ain.az bildirir, Modern.az portalına istinadən.

Milli Məclisin Elm və təhsil komitəsinin son iclasında müasir çağırışları, rəqəmsallaşmanı, beynəlxalq təhsil məkanına inteqrasiyanı və akademik azadlıqları nəzərə alan yeni “Təhsil haqqında” Qanunun hazırlanması və müzakirəyə çıxarılması yaz sessiyasının əsas prioritetlərindən biri kimi ön plana çəkilib. Təhsil sferasına dair müşahidələr də göstərir ki, sürətlə dəyişən qlobal təhsil mühiti, yeni texnologiyaların tədris prosesinə təsiri, habelə beynəlxalq rəqabətə uyğunlaşma mövcud qanunvericiliyin yenilənməsini zəruri edir. Bu kontekstdə əsas suallardan biri də, yeni “Təhsil haqqında” Qanunun hansı konkret yenilik və dəyişiklikləri özündə ehtiva etməsi, bununla yanaşı, təhsil sisteminin idarəolunmasında, keyfiyyətin təminatında hansı mexanizmləri təqdim edəcəyidir.

Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin iclasında sözügedən yeni qanunun hazırlanması və müzakirəyə çıxarılması təşəbbüsü ilə çıxış edən üzvü Vasif Qafarov qeyd edib ki, mövcud qanun əsasən ənənəvi tədris modelinə söykənir və müasir tələblərə və çağırışlara cavab verən elmi tədqiqatların təşkili, xüsusilə magistratura və doktorantura pillələrinin mahiyyəti, rəqəmsallaşma, akademik azadlıqlar və beynəlxalq təhsil məkanına inteqrasiya kimi məsələləri tam əhatə etmir.

“Hazırkı şəraitdə doktorantura təhsili daha çox formal yanaşma üzərində qurulub və qlobal elmi rəqabətə uyğun nəticə yönümlü model formalaşa bilməyib. Bu isə birbaşa qanunvericilikdə mövcud olan boşluqlar və qeyri-müəyyənliklərlə bağlıdır”.

Deputat nəzərə çatdırıb ki, Yeni Qanun, ilk növbədə, doktorantura təhsilinə yanaşmanı köklü şəkildə dəyişməlidir:

“Doktorantura yalnız dərs, imtahan və formal attestasiya mərhələsi kimi deyil, müasir çağırışlara cavab verən elmi-tədqiqat fəaliyyəti kimi tanınmalı, əsas qiymətləndirmə meyarı isə real elmi nəticələr, beynəlxalq elmi jurnallarda dərc olunan məqalələr, tədqiqat layihələri və innovativ məhsullar olmalıdır. Eyni zamanda, akademik azadlıqlar qanunvericilik səviyyəsində təmin edilməli, doktorantların mövzu seçimi, onların aktuallığı, tədqiqat aparmaq müstəqilliyi və elmi rəhbərlik institutunun məsuliyyəti aydın şəkildə tənzimlənməlidir.

Mövcud sistemdə elmi rəhbərlik institutunun zəifliyi də ciddi problemlər yaradır. Bir elmi rəhbərin eyni vaxtda çoxsaylı doktorantlara rəhbərlik etməsi də keyfiyyətin aşağı düşməsinə səbəb olur. Yeni Qanun bu məsələyə konkret hüquqi çərçivə gətirməli, elmi rəhbərin yalnız formal deyil, elmi nəticələrə görə də məsuliyyət daşımasını təmin etməlidir. Paralel olaraq, hesab edirəm ki, universitetlərin akademik müstəqilliyi genişləndirilməli, tədqiqat yönümlü ali təhsil müəssisələrinin ayrıca statusu müəyyən olunmalıdır”.

V.Qafarovun sözlərinə görə, digər mühüm məqam isə beynəlxalq inteqrasiyadır:

“Qanun xarici universitetlərlə birgə doktorantura proqramlarının, ikili diplomların və birgə dissertasiya mexanizmlərinin hüquqi əsaslarını yaratmalıdır. Bu, həm doktorantların beynəlxalq elmi mühitə çıxışını asanlaşdırar, həm də Azərbaycan elminin qlobal görünürlüğünü artırar. Hazırda dissertasiyaların keyfiyyətinə dair meyarların daha çox formal xarakter daşıması, beynəlxalq elmi bazalarda tanınma məsələsinin yetərincə nəzərə alınmaması da aradan qaldırılmalı əsas problemlərdəndir”.

Deputat əlavə edib ki, ümumilikdə, mövcud “Təhsil haqqında” Qanunun icrasında illər ərzində yaranmış ziddiyyətlər doktoranturanın hüquqi statusunun qeyri-müəyyənliyi, keyfiyyət təminatı mexanizmlərinin zəifliyi, elmi mühitin stimullaşdırılmaması və mərkəzləşmiş idarəetmə modeli yeni Qanunla aradan qaldırılmalıdır:

“Qanun formaya deyil, məzmuna, prosesə deyil, nəticəyə, lokal yanaşmaya deyil, qlobal rəqabətə fokuslanmalıdır. Yalnız bu halda Azərbaycan doktoranturası və ümumilikdə təhsil sistemi müasir dövrün tələblərinə cavab verə və beynəlxalq elmi məkanın real iştirakçısına çevrilə bilər”,- deyə V.Qafarov qeyd edib.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova isə hesab edir ki, komitənin iclasında yeni “Təhsil haqqında” Qanunun hazırlanmasının yaz sessiyasının əsas prioritetlərindən biri kimi müəyyənləşdirilməsi tam əsaslı və vaxtında atılmış addım kimi dəyərləndirilməlidir.

“Mövcud “Təhsil haqqında” Qanun qəbul edildiyi dövrdə ölkənin təhsil siyasətinin formalaşmasında mühüm rol oynasa da, bu gün artıq bir sıra məsələlər üzrə müasir çağırışlara cavab verməkdə çətinlik çəkir. Təhsil sahəsində baş verən struktur dəyişikliklər, yeni tədris modelləri, texnoloji yeniliklər və əmək bazarının tələbləri daha çevik, aydın və gələcəyə yönəlik hüquqi çərçivə tələb edir. Bu mənada yeni qanunun hazırlanması təkcə normativ zərurət deyil, strateji inkişaf məsələsidir.

Yeni “Təhsil haqqında” Qanun ilk növbədə akademik azadlıqların və təhsil müəssisələrinin muxtariyyətinin genişləndirilməsini təmin etməlidir. Xüsusilə ali təhsil müəssisələrinin akademik, inzibati və maliyyə müstəqilliyinin gücləndirilməsi onların beynəlxalq rəqabət qabiliyyətinin artırılması baxımından vacibdir. Universitetlərin tədris proqramlarını çevik şəkildə formalaşdırması, elmi-tədqiqat fəaliyyətinin stimullaşdırılması və idarəetmədə müasir yanaşmaların tətbiqi qanunvericilik səviyyəsində dəstəklənməlidir”.

Deputat həmçinin vurğulayıb ki, rəqəmsallaşma məsələsi yeni qanunun əsas istiqamətlərindən biri olmalıdır:

“Onlayn və hibrid təhsil formalarının hüquqi statusunun aydın şəkildə müəyyən edilməsi, distant təhsil üzrə keyfiyyət və qiymətləndirmə mexanizmlərinin tənzimlənməsi artıq qaçılmazdır. Pandemiya dövrü göstərdi ki, rəqəmsal təhsil alternativ deyil, müasir təhsil sisteminin ayrılmaz hissəsidir və bu reallıq qanunda öz əksini tapmalıdır.

Beynəlxalq təhsil məkanına inteqrasiya da xüsusi diqqət tələb edən məsələlərdəndir. Diplomların qarşılıqlı tanınması, birgə və ikili diplom proqramlarının hüquqi əsaslarının genişləndirilməsi, xarici ali təhsil müəssisələri ilə institusional əməkdaşlıq mexanizmlərinin sadələşdirilməsi Azərbaycan təhsilinin beynəlxalq nüfuzunun artırılmasına xidmət edəcək”.

Milli Məclisin üzvü eyni zamanda mövcud qanunun icrasında illər ərzində yaranmış bir sıra boşluq və ziddiyyətlərin də yeni qanunda aradan qaldırılmasının vacibliyinə diqqət çəkib:

“Normativ-hüquqi aktlar arasında uyğunsuzluqlar, təhsil pillələri arasında keçid mexanizmlərinin kifayət qədər aydın olmaması, ali təhsildə muxtariyyətin daha çox formal xarakter daşıması praktikada ciddi çətinliklər yaradır. Bundan əlavə, qeyri-formal və informal təhsil formaları, eləcə də müəllimlərin peşəkar inkişaf mexanizmləri üzrə hüquqi tənzimləmə yetərli səviyyədə deyil.

Yeni qanun təhsilalan mərkəzli yanaşmanı əsas prinsip kimi qəbul etməli, müəllimlərin sosial və peşəkar statusunun gücləndirilməsinə, təhsilin keyfiyyətinə görə hesabatlılığın artırılmasına şərait yaratmalıdır. Təhsil sistemi ilə əmək bazarı arasında əlaqələrin möhkəmləndirilməsi, nəticəyönümlü maliyyələşmə mexanizmlərinin tətbiqi də vacib yeniliklər sırasındadır.

Nəticə etibarilə, yeni “Təhsil haqqında” Qanun sadəcə mövcud sənədin yenilənməsi deyil, ölkənin gələcək inkişafını müəyyənləşdirən strateji yanaşmanın hüquqi ifadəsi olmalıdır. Bu qanun insan kapitalının inkişafına, innovasiyaların təşviqinə və Azərbaycanın qlobal təhsil məkanında layiqli yer tutmasına xidmət etməlidir. Təhsilə qoyulan investisiya gələcəyə qoyulan investisiyadır və yeni qanun bu fəlsəfəni tam şəkildə əks etdirməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
40
modern.az

1Sources