EN

“Qarabağ” daha 0,750 bonus xalı qazandı,Azərbaycan Sloveniyanı geridə qoydu

Çempionlar Liqasının əsas mərhələsini 22-ci pillədə başa vuran “Qarabağ” daha 0,750 bonus xalı qazanıb.

Sportinfo.az haqqın.az-a istinadla xəbər verir ki, bu nəticə Azərbaycana UEFA reytinqində Sloveniyanı geridə qoymağa imkan verib.

Hazırda Azərbaycan 22,937 xalla 26-cı yerdə qərarlaşıb. Sloveniyanın aktivində isə 22,843 xal var. Lakin 26-cı pillə uğrunda mübarizə hələ başa çatmayıb.

Sloveniyanın Konfrans Liqasında bir təmsilçisi – “Sele” klubu qalır. Bu komanda 1/16 final mərhələsində Kosovo təmsilçisi “Drita” ilə qarşılaşacaq.

“Sele” “Qarabağ”ın PSJ və ya “Nyukasl”la oyunları ilə müqayisədə daha çox xal toplamaq şansına malikdir. Bu səbəbdən Azərbaycanın 26-cı yeri qoruması asan olmayacaq.

Cari mövsümdə Azərbaycan klubları ümumilikdə 23,250 xal toplayıb. Bu göstərici avrokuboklarda çıxış edən 4 klubun sayına bölündükdə 5,812 reytinq xalı əldə olunur.

5,812 xal Azərbaycan klub futbolu tarixində ən yüksək nəticə deyil. Rekord 2023/24 mövsümündə 5,875 xal olub. “Qarabağ” qarşıdakı 1/16 final mərhələsinin iki oyununda heç olmasa bir dəfə məğlubiyyətsiz çıxış edərsə, bu rekord yenilənəcək.

Bu mövsüm toplanan 23,250 xaldan 18,750-si məhz “Qarabağ”ın payına düşür.

Ağdam klubu Çempionlar Liqasının seçmə mərhələsində 5 xal, əsas mərhələyə yüksəlməyə görə 6 bonus xalı, əsas mərhələdə 7 xal, 22-ci yerə görə isə əlavə 0,750 bonus xalı qazanıb.

Klub reytinqində “Qarabağ” 42,750 xalla 58-ci yerdə qərarlaşıb. Daha əvvəl bildirildiyi kimi, Qurban Qurbanovun komandası bu mövsüm klub reytinqi üçün topladığı xallara görə də rekord müəyyənləşdirib.

Hazırda “Qarabağ”ın aktivində 13,750 xal var. Əvvəlki rekord 2023/24 mövsümündə 11 xal idi.

Chosen
13
3
sportinfo.az

8Sources