EN

Deputatdan nazir müavininə sərt CAVAB: ""Təhlükəsizlik" adı altında vətəndaşın cibinə əl uzatmaq islahat deyil"

“Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun cərimələrin artırılması ilə bağlı açıqlaması problemin mahiyyətinə yox, yenə də ən asan yola yönəlmiş yanaşmadır. Rəhman müəllimə dərin hörmətim var, amma doğruları dilə gətirmək vacibdir. Bu gün Bakıda və ətraf ərazilərdə yaranan nəqliyyat xaosunun əsas səbəbi sürücülər və piyadalar deyil, illərdir, yol verilən ciddi idarəetmə və planlaşdırma səhvləridir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

 

Deputat bildirib ki, sürücülər beziblər: “Bir neçə ayın içində 20 cərimə balı yığılır və sürücülük hüququ məhdudlaşdırılır. Haqlı sual yaranır: əvvəl niyə bu qədər pozuntular olmurdu? İndi nə dəyişib? Problemlər həll olunmadan, alternativlər yaradılmadan insanları fakt qarşısında qoymaq, onları işindən-gücündən etmək ədalətli yanaşma deyil. Bu gün sürücülərin real alternativi yoxdur. İctimai nəqliyyat tələbatı qarşılamır, marşrutlar rahat deyil, metro və avtobuslar həddən artıq yüklənib, şəhər isə tıxac içində boğulur. İnsanlar, sözün əsl mənasında, boğaza yığılıblar. Belə vəziyyətdə onlara yalnız “daha çox cərimə” mesajı vermək sosial gərginliyi artırmaqdan başqa bir nəticə verməyəcək. Nazirlik real nəticə görmək istəyirsə, əvvəlcə öz fəaliyyətinə tənqidi baxmalıdır: niyə yollar buraxılış qabiliyyətini itirib, niyə ictimai nəqliyyat cəlbedici deyil, niyə şəhər planlaması bu vəziyyətə gətirilib? Suallara cavab verilmədən cərimələri artırmaq narazılığı dərinləşdirəcək. Hazırda Bakıda və ətrafında 2030-cu ilə hesablanmış vacib nəqliyyat layihələri həyata keçirilir və onun daha sürətli şəkildə yerinə yetirilməsi lazımdır. “Təhlükəsizlik” adı altında vətəndaşın cibinə əl uzatmaq islahat deyil. İslahat məsuliyyəti cəmiyyətin yox, sistemi idarə edən qurumların üzərinə qoymaqla başlayır”.

 

Qeyd: Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun yanvarın 28-də “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan tədbirdə səsləndirdiyi “yol hərəkəti ilə bağlı cəza tədbirlərinin sərtləşdirilməsinə ehtiyac var” fikirləri ciddi tənqidlə qarşılanıb.

 

Aytəkin Qardaşova

Tarix: 29 Yanvar 2026, 11:05   
Chosen
7
1
pravda.az

2Sources