EN

Bakı Karton və Qutu Fabrikində illik 55 milyon kvadratmetr məhsul istehsal olunacaq

Türkiyə və Çin texnologiyalarından istifadə olunan Bakı Karton və Qutu Fabrikində illik 55 milyon kvadratmetr karton və qutu tarasının istehsalı nəzərdə tutulur.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən "Bakı Karton və Qutu Fabriki" MMC-yə təşkil edilən mediaturda məlumat verilib.

Qeyd olunub ki, müəssisəyə 2023-cü ildə Sənaye Parkının rezidenti statusu verilib.

Şirkət tərəfindən parkın təxminən 3 hektar ərazisində karton və qutu taralarının istehsalı üzrə müasir müəssisə yaradılıb. Layihə iki mərhələdə həyata keçirilir: birinci mərhələdə karton və qutu istehsalı, ikinci mərhələdə isə karton istehsalı üçün zəruri olan yerli xammalın təkrar emalı planlaşdırılır.

İstehsal edilən məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur. Müəssisənin ümumi investisiya dəyəri 20 milyon manat təşkil edir. Layihənin icrası üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 2 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Hazırda müəssisədə 64 daimi iş yeri yaradılıb.

Sənaye parkının rezidentlərinə təqdim olunan bütün güzəştlərdən yararlanan "Bakı Karton və Qutu Fabriki" MMC təxminən 1,3 milyon manat dəyərində vergi və gömrük azadolmalarından faydalanıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında "Bakı Karton və Qutu Fabriki" MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin açılışında iştirak edib. (Report)

Chosen
67
5
fed.az

10Sources