EN

“Sualları əvvəlcədən bilirəm” deyənlər kimdir?- abituriyentləri gözləyən böyük TƏLƏ

Valideynlər və abituriyentlər arasında belə bir qəti inam formalaşıb ki, “bunker müəllimlər” imtahanda istifadə olunacaq sualları və ya onların çox yaxın variantlarını əvvəlcədən haradansa əldə edirlər.

Bu halda hansı tədbirlər görülməlidir, vətəndaşlar bu cür iddialara qarşı necə reaksiya verməlidir?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev danışıb.

Ekspert bildirib ki, Dövlət İmtahan Mərkəzində imtahan suallarını insan deyil, avtomatlaşdırılmış sistem seçir. Buna görə də nə bir ekspertin, nə də hər hansı bir müəllimin hansı sualların düşəcəyini öncədən bilməsi texniki olaraq mümkün deyil:

“Dövlət İmtahan Mərkəzinin imtahan sistemi elə qurulub ki, sualların öncədən kiməsə ötürülməsi qeyri-mümkündür. Şagirdlərə "Mən DİM-də işləyirəm, suallardan öncədən xəbərim olur",- deyən hər hansı bir müəllim yalan danışır. Bu cür vədlər verən şəxslərə etibar etmək doğru deyil. Müəllim yalnız təcrübəsinə əsaslanaraq müəyyən mövzular üzrə ehtimallar irəli sürə bilər, lakin konkret sualları bilməsi imkansızdır. Çünki qəbul imtahanlarının təhlükəsizliyinə və prosesin şəffaflığına birbaşa Dövlət Təhlükəsizliyi Xidməti nəzarət edir".

Sualların sızması tamamilə qeyri-mümkündür:

"Nə “marker”, nə də “bunker müəllimləri”nin, eləcə də Dövlət İmtahan Mərkəzinin fənn ekspertlərinin hansı sualların düşəcəyindən öncədən xəbəri olmur. Bunun səbəbi sistemin tam fərqli və avtomatlaşdırılmış iş prinsipinə əsaslanmasıdır.

“Sistem belə qurulub: hər bir mövzu və istiqamət üzrə geniş sual bazası mövcuddur və imtahan suallarını həmin bazadan sistem özü seçir. Sualları hazırlayan şəxslərin rolu yalnız onları tərtib edib bazaya ötürməkdən ibarətdir. Prosesə insan müdaxiləsi minimuma endirilib. Yəni imtahan suallarını hər hansı bir müəllim və ya ekspert özü seçib tərtib etmir. Beləliklə, sualların qəbuldan öncə kim tərəfindənsə bilinməsi texniki və prosedur baxımından mümkün deyil".

Dövlət İmtahan Mərkəzinin adından istifadə edərək “sualları bilirəm” iddiası ilə şagirdləri tələyə salmaq sadəcə yalan deyil, eyni zamanda hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı olan cinayət xarakterli əməldir:

“Dövlət İmtahan Mərkəzinin əməkdaşları bunu çox yaxşı bilirlər. Bu, sadəcə bir tələdir. Əgər şagirdlərə "biz Dövlət İmtahan Mərkəzinin ekspertləriyik", "bunker müəllimləriyik", "sualları öncədən bilirik, yanımıza gəlin" deyirlərsə, bu, ilk növbədə yalandır və həmin şəxslərə etibar etmək doğru deyil. Onlar sadəcə Dövlət İmtahan Mərkəzinin adından istifadə edirlər. Şagirdlər belə vədlərə aldanmamalıdırlar.

Burada peşəkar müəllim amili də mövcuddur. Dövlət İmtahan Mərkəzi hər il hər bir fənn üzrə imtahanda düşəcək mövzuları əvvəlcədən açıqlayır. İşinin peşəkarı olan müəllim müvafiq illərin “Abituriyent” jurnallarını əldə edib mövzuları təhlil etdikdə, hansı istiqamətlərdən sual düşə biləcəyini aşağı-yuxarı təxmin edə bilir.

Bəlkə də bəzi işbazlar bu peşəkar təhlil qabiliyyətindən istifadə edərək sanki sualları öncədən bilirmiş kimi təəssürat yaradırlar. Əslində isə təcrübəli mütəxəssis DİM-in təqdim etdiyi proqram və mövzu bazasına əsaslanaraq 30 sualdan təxminən 15-nin hansı mövzulardan düşəcəyini rahatlıqla proqnozlaşdıra bilir".

Hər hansı bir müəllimin “Mən qəbul suallarını öncədən bilirəm” deməsi qeyri-mümkündür. Əgər kimsə bunu iddia edirsə, böyük bir səhvə yol verir və belə bir iddia hüquqi məsuliyyət yaradır, hətta cinayət tərkibli hesab oluna bilər:

“Çünki dərhal "Bu sualları haradan əldə etmisən?" sualı yaranır. Əgər belə şəxslər varsa, şagirdlər mütləq onların adlarını hüquq-mühafizə orqanlarına bildirməlidirlər. Hüquq-mühafizə orqanları həmin şəxslərin yalanlarını və qanunsuz əməllərini rahatlıqla üzə çıxara bilər".

Zeynəb Tehranlı

Chosen
29
azedu.az

2Sources