
Tikinti materiallarının qiymətində son dövrdə əhəmiyyətli artım müşahidə olunur. Bu, həm tikinti sektorunda xərclərin yüksəlməsinə, həm də mənzil və infrastruktur layihələrinin büdcəsinin artmasına səbəb olur. Bəs, yenidən artım gözlənilirmi?
Mövzu ilə bağlı Missiya.Az-a danışan iqtisadçı, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, tikinti materiallarının qiymətlərində artım gözlənilir:
"Hər il indeksləşdirmə aparıldıqdan sonra ilin sonunda həm Tarif Şurası, həm də digər müvafiq qurumlar tərəfindən yeni qiymətlər müəyyənləşdirilir. Bu qiymətlərdə əvvəlki illərlə müqayisədə artım müşahidə olunur. Qeyri-ərzaq mallarının bahalaşması, yanacağın qiymətindəki artım və ümumilikdə bütün istiqamətlər üzrə qiymət yüksəlişi tikinti materiallarına da təsir göstərir",- deyə o qeyd edib.
Onun sözlərinə görə, tikinti materialları bu bahalaşmadan birbaşa təsirlənən sahələrdən biridir və nəticədə müxtəlif materialların qiymətlərində artım yaranır:
"Xüsusilə xaricdən idxal olunan tikinti materiallarında qiymət artımı daha qabarıq hiss olunur. Bu isə əsasən logistik xərclərin yüksəlməsi və xarici bazarlarda təklif olunan qiymətlərin dəyişməsi ilə bağlıdır. Qiymət artımının ikinci mərhələsi adətən fevralın sonu – martın əvvəllərində baş verir. Bu artımı mövsümi qiymət artımı adlandırmaq olar. Tikinti prosesinin intensivləşməsi nəticəsində sektorda materiallara olan tələbat artır və tələbatın yüksəlməsi bazarda qiymət artımına səbəb olur".
V.Oruc vurğulayıb ki, sonrakı mərhələdə isə proses dövlətin müvafiq addımları ilə bağlı olur:
"Qiymət və tənzimləmə siyasəti əsasən bazar mexanizmləri ilə formalaşır. Tələbat yüksək olduqda, təbii olaraq qiymət artımı qaçılmazdır. Bundan əlavə, tikinti sektorunda normativlərin mürəkkəbləşməsi də tikinti materiallarının qiymətinin artmasına təsir göstərir. Bu il tikinti həcminin çox yüksək olacağına böyük etimad yoxdur. Lakin digər tərəfdən köhnə binaların sökülməsi və onların yerində yeni binaların inşa edilməsi tikinti sektorunun müəyyən qədər aktiv qalmasına şərait yarada bilər. Buna görə də hesab edirəm ki, tikinti materiallarının qiymətlərində əsas artım fevralın sonu, martın əvvəllərində baş verə bilər",- Vüqar Oruc əlavə edib.
Seyranə QuliyevaMissiya.Az