Müasir təhsil mühitində şagirdlərin dərs prosesində fəal iştirakı, xüsusilə sual vermə bacarığı, onların mövzunu dərindən mənimsəməsində və tənqidi düşünmə qabiliyyətlərinin formalaşmasında mühüm rol oynayır. Lakin müşahidələr göstərir ki, bir çox şagird mövzunu tam başa düşmədiyi halda belə sinifdə sual verməkdən çəkinir.
Məktəb mühitində şagirdlərin mövzunu başa düşmədikləri halda sual verməkdən çəkinməsinə hansı psixoloji amillər təsir göstərir? Belə halların qarşısını almaq üçün müəllimin sinifdə hansı yanaşma və davranışları vacib hesab olunur?
AzEdu.az-a mövzu ilə bağlı uzman psixoloq-psixoterapevt Səbinə Bayramova danışıb.
Psixoloq qeyd edib ki, şagirdin sual verməkdən çəkinməsinin arxasında sosial qiymətləndirmə qorxusu və səhv etmək ehtiyatı dayanır. Müəllimin istehzalı yanaşması isə bu təşəbbüsü tamamilə boğur.
"Bir çox şagird mövzunu tam başa düşmədiyi halda belə sinifdə sual verməkdən çəkinir. Bu çəkinmənin arxasında müxtəlif psixoloji amillər dayanır. Ən çox rast gəlinən səbəblərdən biri sosial qiymətləndirmə qorxusudur. Şagird səhv sual verəcəyi və ya “sadə” sual soruşacağı təqdirdə həmyaşıdları və müəllim tərəfindən mənfi qiymətləndiriləcəyindən ehtiyat edir.
Bu qorxu xüsusilə rəqabətçi və tənqidi sinif mühitlərində daha güclü olur. Digər bir səbəb perfeksionizmdir, bəzi şagirdlər yalnız “ağıllı” və “doğru” sual verə biləcəklərinə inandıqları halda danışmağa cəhd edirlər. Müəllimin münasibəti də burada mühüm rol oynayır. Əgər müəllim suallara laqeyd, sərt və ya istehzalı yanaşırsa, bu, şagirdin təşəbbüsünü boğur. Məsələn, “Bu sualı bilməmək olarmı?” kimi ifadələr şagirdin özünü dəyərsiz hiss etməsinə səbəb ola bilər. Azərbaycanda bəzi ailələrdə uşağın sakit və sözə baxan olması tərifləndiyi üçün, uşaq məktəbdə də passiv davranmağa meylli olur".
Sual vermək tənqidi və yaradıcı düşünmənin əsas mexanizmidir;bu bacarığın inkişaf etməməsi şagirdin analitik qabiliyyətlərini zəiflədir:
"Sual verməmək şagirdin öyrənmə prosesinə və psixoloji inkişafına mənfi təsir göstərir. Əvvəla, şagird anlamadığı yerdə sual vermədikdə, bilik boşluqları yaranır və bu boşluqlar zamanla yığılır. Bu, mövzunun səthi mənimsənilməsinə səbəb olur. Eyni zamanda, sual vermək tənqidi və yaradıcı düşünmənin əsas mexanizmlərindən biridir. Bu bacarığın inkişaf etməməsi şagirdin analitik qabiliyyətlərini zəiflədir. Sual vermək həm də özünə inamın göstəricisidir. Bu vərdiş formalaşmadıqda, şagird öz fikrini ifadə etməkdən çəkinir və sosial təşəbbüskarlığı azalır. Nəticədə, passiv öyrənmə vərdişi formalaşır və şagird yalnız müəllimin dediklərini mexaniki şəkildə qəbul edir".
Müəllim sual verməyi normallaşdırmalı və şagirdin təşəbbüsünü mükafatlandıraraq sinifdə psixoloji təhlükəsizlik mühiti yaratmalıdır:
"Müəllim sinifdə psixoloji təhlükəsizlik mühiti yaratmaqla bu halların qarşısını ala bilər. Bu zaman bəzi yanaşmalar xüsusilə təsirli hesab olunur. Məsələn, sual verməyi təşviq edən bir mühit formalaşdırmaq vacibdir. Müəllim “Çox gözəl sualdır, bu mövzuya başqa tərəfdən baxmağımıza kömək edir” kimi ifadələrlə şagirdin təşəbbüsünü mükafatlandırmalı, hətta “sadə” görünən sualları belə dəyərli göstərməlidir. Eyni zamanda sual verməyi normallaşdırmaq da mühüm əhəmiyyət daşıyır.
Müəllim dərs zamanı “Bu hissəni mən də ilk dəfə oxuyanda tam anlamamışdım” kimi şəxsi nümunələr gətirərək sual verməyin təbii bir proses olduğunu nümayiş etdirməlidir. Xüsusilə utancaq şagirdlər üçün anonim sual imkanlarının yaradılması da effektiv üsullardandır. Bu məqsədlə “sual qutusu”ndan və ya onlayn platformalarda anonim sual vermə imkanlarından istifadə oluna bilər. Bununla yanaşı, sual verən şagirdlərin sosial baxımdan gücləndirilməsi də önəmlidir.
Məsələn, sual verən şagirdə dərs zamanı “müzakirə lideri” və ya “günün araşdırmaçısı” rolu verilməklə onun təşəbbüsü nümunəyə çevrilə bilər. Valideynlərlə əməkdaşlıq da bu prosesin ayrılmaz hissəsidir. Valideynlərə uşağın sual verməsinin “ədəbsizlik” deyil, əksinə, öyrənməyə marağın bir göstəricisi olduğu izah edilməlidir".
Düzgün pedaqoji yanaşma ilə psixoloji dəstəyin vəhdəti şagirdlərin sual verməkdən çəkinməsinin qarşısını ala bilər:
"Bütün bunlarla yanaşı, məktəbdə psixoloji dəstəyin mövcudluğu və əlçatanlığı da olduqca vacibdir. Məktəb psixoloqu şagirdlərin özünüifadə bacarıqlarını inkişaf etdirmək, sosial qorxuları aşmaq və özünə inamı gücləndirmək üçün fərdi və qrup şəklində dəstək proqramları həyata keçirməlidir. Xüsusilə sual verməkdən çəkinən, özünü sinifdə görünməz hiss edən şagirdlər üçün bu dəstək onların daxili gücünü kəşf etməyə və öyrənmə prosesində daha fəal iştirak etməyə imkan yaradır.
Psixoloji dəstək həmçinin müəllimlərə də şagirdlərin davranışlarını daha yaxşı anlamaq və onlara uyğun yanaşma formalaşdırmaq üçün istiqamət verir. Nəticə etibarilə, düzgün pedaqoji yanaşma ilə psixoloji dəstəyin vəhdəti şagirdlərin sual verməkdən çəkinməsinin qarşısını ala bilər və bu da onların həm öyrənmə keyfiyyətinə, həm də psixoloji inkişafına müsbət təsir göstərər. Bu yanaşma təhsil psixologiyasında “təhlükəsiz öyrənmə mühiti” (safe learning environment) prinsipi ilə üst-üstə düşür. Tədqiqatlar göstərir ki, şagirdlər özlərini emosional baxımdan təhlükəsiz hiss etdikləri zaman daha çox sual verir, daha fəal iştirak edir və daha dərin öyrənmə baş verir. Bu baxımdan, həm məktəb psixoloqunun, həm də fərdi psixoloji dəstəyin rolu şagirdin daxili motivasiyasını və özünə inamını gücləndirmək baxımından əvəzsizdir".
Zeynəb Tehranlı