EN

“Rəqəmsal dövlət maliyyəsi”nə keçid

Dövlət maliyyəsinin idarə edilməsində yeni yanaşmalar büdcə vəsaitlərinin xərclənməsində şəffaflığı artıracaq

Məlum olduğu kimi Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) Əsasnaməsi təsdiq edilib. Əsasnamə dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində yeni tədbirlərin həyata keçirilməsi ilə bağlı mühüm prioritetləri əks etdirir. Sənəd, həmçinin, rəqəmsal maliyyə sistemin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən etməklə dövlət maliyyəsinin daha səmərəli, şəffaf və çevik idarə olunmasını təmin etmək, maliyyə proseslərində rəqəmsal texnologiyaların tətbiqini genişləndirmək məqsədi daşıyır.

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi müxtəlif istiqamətlərdə rəqəmsal idarəetməni təmin edən 13 əsas altsistemdən ibarətdir. “Büdcə məlumatlarını idarəetmə”, “Dövlət maliyyə nəzarəti”, “Dövlət proqramlarının və investisiya xərclərinin maliyyələşdirilməsi”, “Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi”, “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi”, “e-azadolma”, “e-müqavilə”, “e-muhasibat”, “e-rüsum”, “e-mədaxil”, “Elektron ciddi hesabat blankları”, “Xəzinədarlığın rəqəmsal idarə edilməsi” və “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” bu altsistemlərə daxildir.

Büdcə islahatlarının yeni hədəfləri

“Rəqəmsal dövlət maliyyəsi” müasir büdcə islahatlarının əsas hədəf istiqamətlərindən olmaqla, maliyyə vəsaitlərinin hərəkərinin tamamilə elektronlaşdırılmasını nəzərdə tutur.  Yeni sistemdə büdcə və fiskal sahələrlə bağlı bütün detallı və zəruri məlumatlar və alt-məlumatlar toplanacaq. Belə ki, büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının, habelə audit, mühasibat uçotu, dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, dövlət borcu sahələrinin və maliyyə öhdəliklərinin hərəkəti üzrə ən kiçik informasiyalar bu resurslarda yerləşdiriləcək. Əsas məqsəd bu bazada yerləşən maliyyə-fiskal büdcə hərəkətlərinin şəffaf izlənməsi və nəticədə səmərəli idarəetmə arxitekturasının qurulmasıdır.

Rəqəmsal maliyyə bütün büdcə məlumatlarına çıxışı təmin edəcək

Maliyyə Nazirliyi yaxın 3 ay ərzində “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin əsasnaməsinin layihəsini hazırlayaraq hökumətə təqdim edəcək. Eyni zamanda, dövlət orqanlarının, dövlət büdcəsindən maliyyə vəsaiti alan dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər təşkilatların maliyyə sənədlərinin elektron qaydada mübadiləsinin təmin edilməsi məqəsdilə yeni təkliflər paketi hazırlanacaq. Habelə adıçəkilən təşkilatların illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili qaydaları layihəsi tərtib olunacaq. Digər bir məqam dövlətə məxsus səhmdar qurumların və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsi və dividend siyasətinin ümumi parametrlərinin hazırlanmasıdır. Həmin qurumların hər birinin fəaliyyətinin monitorinqi məqsədilə xüsusi müşahidə sistemi yaradılacaq. Belə ki, dövlət büdcəsindən ayrılan vəsaitin istifadəsi, büdcə ssudaları, dövlət sifarişi ilə həyata keçirilən layihələr, subsidiya və subvensiyaların dövlət xəzinədarlığı vasitəsilə ünvanlı icra edilməsi və bütün bank hesabları barədə məlumatları Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən müşahidə mexanizmi yaradılacaq ki, dövlət maliyyəsində hansısa nöqsan olduğu halda dərhal təsirli tədbirlər görüləcək. Yeri gəlmişkən, adı qeyd edilən hüquqi və publik hüquqi şəxslər öz maliyyə icra göstəriciləri barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə də məlumatları təqdim edəcək.

Əməkhaqqı sistemlərinin ekspertizası aparılacaq

Bundan başqa, dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satınalınması elektron müqavilələr əsasında həyata keçirilməklə, bütün müqavilələr elektron qaydada bağlanılacaq. Dövlət vəsaiti hesabına həyata keçirilən dövlət investisiya layihələrinin və digər infrastruktur layihələrinin isə maliyyə ekspertizası aparılacaq. Həmçinin, büdcə təşkilatları və digər hüquqi şəxslərdə (eləcə də publik hüquqi şəxslər) maliyyə strukturu, ştat vahidləri və əməkhaqqı sistemlərinin maliyyə ekspertizası həyata keçiriləcək. Məqsəd hansısa qurumda artıq və ya süni ştat vahidinin saxlanmasının qarşısını almaqdır.

Maliyyə Nazirliyi öz mandatına uyğun olaraq dövlət vəsaitindən istifadə üzrə maliyyə qaydalarının pozulması və bu vəsaitdən təyinatı üzrə istifadə edilməməsi hallarına görə məsuliyyət tədbirlərini təkmilləşdirəcək. Bu, hansısa qurumun büdcə vəsaitlərindən sui-istifadə niyyətlərinin qarşısının alınmasında təsirli mexanizmlərdən biri olacaq.

Açıq büdcə siyasəti faydasını verir

Qeyd edək ki, ölkəmizdə şəffaf və hesabatlı büdcə, səmərəli maliyyə idaretmə sistemi maliyyə orqanlarının əsas məqsəd və prinsiplərindən biridir. Azərbaycan son illərdə dövlət maliyyəsinin idarə olunmasında şəffaflıq göstəricisi kimi mühüm alətlərə üstünlük verərək maliyyə siyasətini xeyli təkmilləşdirib. Belə ki, büdcə məlumatlarının ictimaiyyətə əlçatanlığı (Open Budget Index), büdcə prosesində ictimai iştirakçılıq səviyyəsi (Public Participation), qanunverici hakimiyyət orqanı və ali audit orqanının rolu və fəaliyyəti (Budget Oversight) meyarları sahəsində kifayət qədər müsbət nəticələr əldə olunub. Eləcə də, maliyyə orqanı tərəfindən hər il ilkin büdcə bəyanatının açıqlanması, büdcə layihəsinin funksional təsnifatı, Vətəndaşın Büdcə Bələdçisinin hazırlanması və ictimaiyyətə təqdim edilməsi, dövlət büdcəsinin icrasına dair aylıq, yarımillik və illik hesabatların açıqlanması, dövlət büdcəsinin icrasına dair audit hesabatı maliyyə-büdcə nəzarəti siyasətinin son illərdə təkmilləşdirməsinin mühüm göstəricisi hesab edilə bilər.

Azərbaycan Beynəlxalq Büdcə Tərəfdaşlığı təşkilatının (International Budget Partnership) tövsiyələri əsasında özünün maliyyə sistemini daha da təkmilləşdirir.

Hazırda icra olunan 2025-ci ilin dövlət büdcəsi layihəsi də dövlət maliyyəsinin idarə olunması sahəsində bir sıra fiskal alətlər, həmçinin  “Açıq Büdcə Sorğusu”nun metodologiyasına uyğun olaraq, ictimaiyyətə açıqlıq metodologiyası və şəffaflıq prinsiplərinin təmin olunması məqsədi ilə hazırlanıb. Məhz bunun nəticəsidir ki, son iki ildə açıqlanan “Açıq Büdcə İndeksi “ hesabatlarında Azərbaycan öz göstəricilərini yaxşılaşdırır. Respublikamız ölkələr adekvat büdcə açıqlığına malik ölkələr qrupunda yer alır. Azərbaycan, həmçinin, dövlət maliyyəsinin idarə olunmasında Dünya Bankının “Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı”, Beynəlxalq Valyuta Fondunun “Fiskal Şəffaflığın Ən Yaxşı Təcrübələr Məcəlləsi”, “Lima Bəyannaməsi”, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Fiskal Şəffaflıq üzrə Ən Yaxşı Təcrübələr” və “Fiskal Şəffaflıq üzrə Qlobal Təşəbbüs”ünə önəm verərək maliyyə sənədi tərtib edir. Yeri gəlmişkən, yaxın günlərdə hökumətə təqdim olunacaq 2026-cı ilin büdcə layihəsi də həmin nümunəvi modelə əsaslanacaq.

Beləliklə, yuxarıda qeyd edilən detalların hər biri dövlət büdcəsindən ayrılan vəsaitlərin hər manatının təyinatı üzrə səmərəli xərclənməsinin təmin edilməsi, büdcə nəzarəti prinsiplərinin gücləndirilməsi və dövlət maliyyəsinin xərc aktlarının hesabatlılığı və şəffaflığının tamamilə təmin olunmasıdır. 

E.CƏFƏRLİ

1Sources