EN

Moskva geri çəkilmir, Kiyev müqavimətdə: müharinənin taleyi necə olacaq?

Rusiya–Ukrayna müharibəsi fonunda beynəlxalq gündəmdə diplomatik fəallığın artması diqqət çəkir. Münaqişənin uzanması regional və qlobal təhlükəsizliyə ciddi təsir göstərdiyi kimi, Cənubi Qafqaz da daxil olmaqla daha geniş geosiyasi məkanda riskləri artırır. Bu baxımdan, neytral platformalarda aparılan danışıqlar cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Lakin mövcud hərbi-siyasi reallıqlar sülh perspektivlərinin nə dərəcədə real olduğu sualını aktuallaşdırır.

Politoloq Tofiq Abbasov Editor.az-a açıqlamasında bildirib ki, hazırkı mərhələdə sülh danışıqlarının real nəticə verməsi ehtimalı olduqca zəifdir:

“İlk növbədə onu qeyd etmək lazımdır ki, hazırda qış mövsümüdür və Rusiya bu dövrdə Ukrayna üzərində təzyiqləri maksimum həddə çatdırmağa çalışacaq. Enerji infrastrukturu demək olar ki, tamamilə raket zərbələri ilə sıradan çıxarılıb. Əhalinin əsas ehtiyacları səyyar generatorlar hesabına qarşılanır. Bu isə humanitar vəziyyəti daha da ağırlaşdırır. Cəbhə xəttində isə gərginlik davam edir və belə bir şəraitdə sülh danışıqları üçün real zəmin görünmür.

Əbu-Dabidə keçirilən görüşlər də konkret nəticə verməyib. Bu prosesə maraq göstərən əsas fiqurlardan biri ABŞ prezidenti Donald Trampdır. Tramp açıq şəkildə bəyan edib ki, sülh planı üzərində israrla çalışacaq və Moskva ilə Kiyev arasında dialoqun qurulmasına nail olmağa çalışacaq. Lakin hələlik bu istiqamətdə real irəliləyiş müşahidə olunmur”.

Tofiq Abbasov diqqətə çatdırıb ki, Yaxın Şərqdə, xüsusilə İran ətrafında gərginliyin artması da Ukrayna böhranının diplomatik həllinə müsbət təsir göstərmir:

“Əksinə, regionda yeni müharibə risklərinin artması qlobal miqyasda hərbi planların önə çıxmasına səbəb olur. Əgər İranla bağlı hərbi eskalasiya başlasa, bu, Ukrayna-Rusiya cəbhəsində sabitləşmə ehtimalını daha da azaldacaq. Münaqişənin dərin mahiyyəti ekzistensial xarakter daşıyır və Moskva Qərbin, xüsusilə Avropa ölkələrinin Ukraynaya verdiyi dəstəklə barışmaq niyyətində deyil. Donald Tramp Ukraynaya dəstəyi kommersiya əsaslarına keçirməklə ABŞ büdcəsinin maraqlarını qorumağa çalışır. O açıq şəkildə bildirib ki, bundan sonra ABŞ pulsuz yardım göstərməyəcək, yalnız silah və texnologiyaların satışını təklif edəcək. Bu mövqe müəyyən mənada rasionaldır, çünki əvvəlki administrasiyalar dövründə ABŞ böyük maliyyə itkiləri ilə üzləşib”.

T.Abbasov vurğulayıb ki, Avropanın aparıcı üçlüyü, London, Berlin və Paris münaqişənin davam etməsində maraqlıdır:

“Avropa üçün əsas məqsəd Rusiyanı zəiflətməkdir. Lakin bu strategiya Avropanın özünü də ciddi iqtisadi və hərbi resurs çatışmazlığı ilə üz-üzə qoyub. Sursat ehtiyatları azalır, istehsal gücü isə müharibənin tələblərinə cavab vermir. Buna görə də yaxın perspektivdə sülh haqqında danışmaq üçün ciddi əsas yoxdur.

Siyasi amillər də danışıqların qarşısında maneə yaradır. Volodimir Zelenskinin legitimlik məsələsi Moskva üçün ciddi arqumentdir. Rusiya rəhbərliyi açıq şəkildə bəyan edib ki, mövcud şəraitdə onunla danışıqlar aparmaq niyyətində deyil. Bu isə göstərir ki, danışıqlar üçün həm siyasi konfiqurasiya, həm də ümumi hərbi-siyasi şərait dəyişməlidir”.

Sonda Tofiq Abbasov qeyd edib ki, müharibə tərəfləri və onları dəstəkləyən ölkələr arasında ciddi yorğunluq hiss olunur:

“Həm cəbhədə, həm də beynəlxalq müstəvidə resurslar tükənir. Böyük ehtimalla, qeyri-adi və ciddi bir hadisə baş verməyənə qədər tərəflər masaya oturmayacaq. Diplomatiyanın əsas vəzifəsi isə ən çətin məqamda belə dialoq üçün imkan yaratmaqdır. Hesab edirəm ki, bu proses ən tez halda yay aylarına doğru müəyyən hərəkətlilik göstərə bilər”.

//Gülnarə Abasova, Editor.az

Chosen
88
50
editor.az

10Sources