EN

“Bir çox Avropa ölkəsində elektriklə isinən və ya qaz şəbəkəsinə çıxışı olmayan evlər üçün daha aşağı tariflər tətbiq olunur”

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Artan kommunal xərclər fonunda qaz olmayan yaşayış məntəqələri və binalar üçün elektrik enerjisi güzəştlərinin tətbiqi yenidən müzakirə olunur. Mütəxəssislər bildirirlər ki, bu cür ərazilərdə elektrik enerjisinə tələbat daha yüksəkdir və diferensial yanaşma zəruridir.

Ekspertlərin fikrincə, qaz təminatının olmadığı və ya təhlükəsizlik səbəbilə məhdudlaşdırıldığı binalarda yalnız istehlak limitlərinin artırılması kifayət etmir, eyni zamanda elektrik enerjisi tarifləri də daha əlverişli olmalıdır.

Qeyd olunur ki, sosial ədalət prinsipi baxımından qazsız yaşayış məntəqələri üçün xüsusi güzəşt mexanizmlərinin tətbiqi real və əsaslandırılmış addım ola bilər.

Əgər qaz təminatı məhdudlaşdırılarsa, alternativ kimi elektrik enerjisinə yönəlmə hansı problemləri yarada bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qış aylarında aşağıgəlirli ailələr üçün bu vəziyyət sosial riskləri artırır: “Qaz təminatı məhdudlaşdırıldıqda və ya ümumiyyətlə olmadıqda, əhalinin elektrik enerjisinə yönəlməsi qaçılmaz olur. Bu isə bir neçə problemi ortaya çıxarır. İlk növbədə, elektrik şəbəkəsinə düşən yük artır və köhnə infrastrukturu olan ərazilərdə tez-tez nasazlıqlar, gərginlik düşməsi və fasilələr yarana bilər. Eyni zamanda elektriklə isitmə və isti su təminatı xərcləri qazla müqayisədə daha yüksəkdir, bu da ailə büdcəsinə ciddi təzyiq göstərir. Xüsusən qış aylarında aşağıgəlirli ailələr üçün bu vəziyyət sosial riskləri artırır”.

Akif Nəsirli

Hazırkı elektrik enerjisi limitləri qaz olmayan binalarda yaşayan vətəndaşlar üçün nə dərəcədə ədalətlidir?

“Hazırkı elektrik enerjisi istehlak limitləri qaz olmayan binalarda yaşayan vətəndaşlar üçün tam ədalətli hesab olunmaya bilər. Çünki bu evlərdə elektrik yalnız işıqlandırma və məişət texnikası üçün deyil, həm də isitmə, yemək bişirmə və su qızdırılması üçün əsas enerji mənbəyidir. Eyni limit və tariflərin həm qazlı, həm də qazsız evlərə tətbiqi faktiki olaraq qeyri-bərabər şərait yaradır. Bu baxımdan, yalnız limitlərin bir qədər artırılması deyil, tariflərin diferensiallaşdırılması və ya xüsusi güzəştlərin tətbiqi daha ədalətli yanaşma olardı”-deyə iqtisadçı qeyd edib.

Digər ölkələrin təcrübəsində bu cür güzəştlər necə tətbiq olunur?

“Digər ölkələrin təcrübəsində bu problemə daha çevik yanaşmalar mövcuddur. Bir çox Avropa ölkəsində elektriklə isinən və ya qaz şəbəkəsinə çıxışı olmayan evlər üçün ya daha aşağı tariflər tətbiq olunur, ya da dövlət tərəfindən birbaşa subsidiyalar verilir. Bəzi hallarda mövsümi güzəştlər, yəni qış aylarında daha ucuz tariflər, bəzən isə sosial statusa əsaslanan dəstək mexanizmləri mövcuddur. Bu yanaşmalar həm sosial ədaləti qorumağa, həm də enerji yoxsulluğunun qarşısını almağa xidmət edir. Ümumilikdə, qazsız yaşayış məntəqələri üçün xüsusi elektrik enerjisi güzəştlərinin tətbiqi sosial və iqtisadi baxımdan əsaslandırılmış addım sayıla bilər. Bu, həm vətəndaşların yükünü azaldar, həm də enerji siyasətində daha balanslı və ədalətli yanaşmanın formalaşmasına kömək edər. Burada əsas məsələ real istehlak ehtiyaclarını nəzərə alan, şəffaf və uzunmüddətli mexanizmlərin qurulmasıdır”-deyə Akif Nəsirli bildirib.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
bizimyol.info

1Sources