ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Tam əminliklə deyirəm ki, həm Tramp, həm də Xamneyi genişmiqyaslı hərbi eskalasiyadan ehtiyyat edir"
ABŞ hər gün İranı hərbi hücumla hədələyir və artıq ekspertlər də bu müharibənin qaçılmaz olduğunu hesab edir. Lakin bununla belə danlşıqlar da istisna edilmir. ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib ki, İran danışıqlar üçün bizə müraciət etdi. "Ağ Evə gəlmək istəyiblər".
ABŞ lideri bununla belə, danışıqlar üçün gec olmadığını da qeyd edib. İran XİN başçısı Abbas Əraqçı isə deyib ki, İran son günlər ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə heç bir əlaqə saxlamayıb və danışıqların aparılması ilə bağlı müraciət etməyib.
ABŞ- İran arasındakı danışıqlar ehtimalını şərh edən politoloq Elvin Baxşalızadə “Sherg.az”a açıqlamasında bir aydır İran ətrafında gərgin vəziyyətin davam etdiyini xatırladıb. O qeyd edib ki, ötən ayın sonunda başlayan daxili etirazlar İranı ciddi şəkildə silkələyib:
“Qeyri-rəsmi məlumatlara görə etirazlar nəticəsində minlərlə İran vətəndaşı həlak olub. Güc strukturlarının sərt müdaxiləsindən sonra etirazlar səngisə də,ümumən İran ətrafında gərginlik qalmaqdadır. Donald Tramp adminstrasiyası İranı ciddi təzyiq altında saxlayır. ABŞ-yə məxsus hərbi gəmilər Fars körfəzində aktivləşib, bundan başqa ABŞ-nin bölgədə yerləşən hərbi bazaları yüksək döyüş hazırlığına gətirilib. Tramp artıq bir neçə dəfə İranı hərbi müdaxilə ilə hədələyib. Buna cavab olaraq İran ordusu yüksək döyüş hazırlığına gətirilib. Ölkəyə hücum olarsa bölgədəki ABŞ hərbi gəmilərinin və bazalarının vurulacağı bildirilib”.
Politoloq qeyd edib ki, diplomatik təmaslarla bağlı ziddiyyət də davam edir:
“Tərəflər bir-birinin siyasi açıqlamalarını təkzib etməkdə davam edir. Amma biz Tramp və Xamneyinin kifayət qədər təcrübəli siyasətçi olduqlarını nəzərə alsaq, pərdəarxası danışıqlar getdiyini də istisna etmək olmaz. Bu böyük ehtimaldır. "Qoca qurdlar" pərdəarxasında diplomatik təmaslarla ortaq məxrəcə gəlməyə çalışacaqlar. Bəli, biz qarşıdakı dövrdə lokal miqyaslı, qısamüddətli hərbi əməliyyatlara şahidlik edə bilərik. Amma tam əminliklə deyirəm ki,həm Tramp həm də Xamneyi genişmiqyaslı hərbi eskalasiyadan ehtiyyat edir. İran 90 milyonluq nəhəng ölkədir. İranla açıq və uzunmüddətli savaş aparmaq ABŞ-ni "dərin bataqlığa" çəkə bilər. Bundan başqa bu savaş ABŞ üçün həddindən artıq bahalı prosesə çevrilər. Bölgə isə tam bir xaos durumuyla üzbəüz qalar. Xamneyi də bu miqyasda hərbi eskalasiyada maraqlı deyil. Bu həm ölkə,həm də Xamneyinin öz hakimiyyət maraqlarına zidd addım olardı”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.