EN

Putin və Əş-Şaraa Rusiyanın Suriyadakı hərbi bazalarını müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və Suriyanın keçid dövrü lideri Əhməd əş-Şaraa arasında aparılan danışıqlarda Rusiyanın Suriyadakı hərbi bazaları məsələsi müzakirə olunub.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Lakin o, müzakirələrin detalları ilə bağlı açıqlama verməkdən imtina edib.

Peskovun sözlərinə görə, tərəflər arasında baş tutan görüşlərin əsas mövzusu ikitərəfli ticarət-iqtisadi münasibətlər olub. O, həmçinin qeyd edib ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ekstradisiyası məsələsi danışıqlar zamanı gündəmə gətirilməyib.

Eyni zamanda, Suriyadakı mənbə bildirib ki, ölkənin keçid hökuməti Rusiya hərbçilərindən Suriyanın şimalında yerləşən Qamışlı aerodromu da daxil olmaqla üç hərbi bazadan birini tərk etməyi xahiş edə bilər. Daha sonra Reuters agentliyinin mənbələri Rusiyanın artıq Qamışlı aerodromundan öz qüvvələrini çıxarmağa başladığını iddia ediblər.

Qeyd edək ki, bu məlumatlar rəsmi səviyyədə hələlik təsdiqlənməyib və tərəflərdən heç biri məsələ ilə bağlı açıq bəyanat verməyib.

Chosen
26
ikisahil.az

1Sources