Son illər Azərbaycanın xarici siyasəti təkcə regional deyil, daha geniş geosiyasi müstəvidə də ciddi təsir gücü qazanıb. Xüsusilə postmünaqişə dövründə formalaşan yeni reallıqlar ölkəmizi beynəlxalq proseslərin fəal iştirakçısına çevirib. Yaxın Şərq, Orta Asiya və Cənubi Qafqazda baş verən proseslərdə Bakının mövqeyi artıq aparıcı dövlətlər tərəfindən diqqətlə nəzərə alınır. Bu kontekstdə Azərbaycan rəhbərliyinin yürütdüyü balanslı və strateji siyasətin nəticələri siyasi ekspertlər tərəfindən də xüsusi vurğulanır.
Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin zərgər dəqiqliyi ilə apardığı siyasət nəticəsində ölkəmiz artıq təkcə regional siyasətin müəyyənləşdirilməsində əsas aktor deyil, eyni zamanda qlobal güclərin Yaxın Şərq və Orta Asiya siyasətinin istiqamətinin formalaşmasında mühüm rol oynayır:
“Maraqlıdır ki, 44 günlük qəhrəmanlıq savaşı təkcə Qarabağın işğaldan azad edilməsi ilə yekunlaşmadı, eyni zamanda Ermənistanı Rusiya və İranın uzun əsrlər davam edən təsirindən çıxararaq Türkiyə–Azərbaycan xətti vasitəsilə Qərbə inteqrasiya prosesinə cəlb etdi.
Region üçün belə əlverişli bir mühitdə ABŞ-ın vitse-prezidenti Ceyms Vensin bölgəyə səfəri maraqlı və təqdirəlayiqdir. Keçiriləcək yüksək səviyyəli görüşlərdə regional inkişafın gələcək istiqamətləri, TRİPP dəhlizinin fəaliyyəti ilə yanaşı Yaxın Şərqdə, xüsusilə də İranda yaşanan gərginliklərin müzakirə ediləcəyi və müvafiq qərarların qəbul olunacağını gözləmək olar”.
//Gülnarə Abasova, Editor.az