Qiymətlərin ucuzluğu ilə seçilən bazarlardan biri də Sabunçu ərazisində yerləşən və xalq arasında daha çox “bit bazarı” kimi tanınan məkandır. Zaman-zaman bu bazar “rus bazarı”, “cındır bazarı” adları ilə də yadda qalıb.
Amma adı dəyişsə də, mahiyyəti dəyişməyib – burada hər şey ucuzdur. Hətta bazarın dəqiq harada yerləşdiyini bilməyənlər belə, hamı bir məsələni yaxşı bilir: bu bazarda qiymətlər həddindən artıq münasibdir. Çünki satılan əşyaların əksəriyyəti ikinci, üçüncü, bəzən isə dördüncü "əl" olur.
Bazarın hazırkı vəziyyəti ilə yaxından tanış olmaq üçün əməkdaşlarımız həmin ünvana yollandıq. Havanın yağışlı, həftənin ara günü olması səbəbindən piştaxtaların böyük əksəriyyəti bağlı idi. Buna baxmayaraq, açıq olan yerlərdə həyat öz axarı ilə davam edirdi...
Adının çəkilməsini istəməyən orta yaşlı qadın satıcı deyir ki, illərdir bu bazarda çalışır və qazancından şikayəti yoxdur: “Allah verəndən qazanırıq. Sən şənbə-bazar gəl, onda görəcəksən burda necə canlanma olur. Alan da çox olur, satan da. Kimlər bazarlıq edir burada… Amma yağışlı havada gəlmə”, – deyə gülümsəyir.
Digər satıcı da onun sözlərini təsdiqləyir: “Şənbə-bazar gəl, elə şəkillər çəkəcəksən ki, paylaşsan "partladar’”, – deyə zarafatla əlavə edir.
Satıcılardan birindən gül qablarının qiymətini soruşuram. Ən böyüyü 26 manatdır: “Başqa bazarlarda bunları 30 manata satırlar. Sizdən, yəni jurnalistlərdən kimsə gəlib alsa, endirim də edərəm”.
Ayaqqabıların qiyməti isə lap təəccüblüdür. İstənilən köhnə ayaqqabı cəmi 1 manata satılır. Köhnə nəlbəki, kiçik mətbəx qabları, qənd qabları isə 20 qəpiyədir – demək olar ki, su qiymətinə.
Termosların qiymətini soruşuram: “1 manat”, – deyir satıcı. Təbii ki, təəccüblənirəm. Məlum olur ki, bu termosların içi yoxdur: “Bəzən termosun üst hissəsi qırılır, amma içi salamat qalır. O zaman alıcılar buradan içi olmayan termosu alıb, salamat hissəni ona taxırlar”.
Bazarda bəzi əşyalar hissə-hissə də satılır. Məsələn, tozsoranın yalnız başlıq hissəsini almaq mümkündür. Qiyməti 5 manatdır. Sac qabının qapağı 13 manata, alt hissəsi isə 35 manata satılır. Hər ikisini birlikdə alsan, 45 manata başa gəlir.
Boş bankalar 20 qəpiyə təklif olunur. Köhnə çıraqlar, nimdaş döşəklər, yorğanlar, ayaqqabılar yağışın altında qalsa da, alıcısı var. Soruşuram ki, bu vəziyyətdə alan olurmu? “Əlbəttə olur. O qədər kasıb insan var ki… Nədir ki, 1 manat verib geyinir”, – satıcı cavab verir.
Uşaq oyuncaqları isə 50 qəpikdən başlayır. Satışda kuryer çantaları, çamodanlar və müxtəlif xırda məişət əşyaları da var.
Xırda məişət əşyaları satılan piştaxtalara yaxınlaşanda satıcı qadın soruşur: “Alıcısan, yoxsa satıcı?” Jurnalist olduğumu deyəndə gülümsəyir: “Yağışlı havada gəlmisən, heç nə çəkə bilməyəcəksən”...
İllərdir bazarda çalışan Mahmud dayı deyir ki, bura təkcə kasıb adamlar yox, digər bazarlardan alverçilər də üz tutur: “Buradan toyuq-cücə alıb aparırlar ‘"Vosmoy bazarı"nda, başqa yerlərdə satırlar”, – deyə izah edir və həvəslə qiymətləri sadalayır.
“Toyuqlar 14–16 manatadır, dovşanların böyüyü 8–10, balaları 5–6 manatdır. Göyərçinlər 5 manat, ördəklər isə 15 manatdan 35 manata qədərdir. Qiymətlər çox münasibdir, yaxşı alıcı olanda endirim də edirik”.
Yağışlı hava səbəbindən alıcı gözə az dəyir. Buna baxmayaraq, bir alıcı ilə söhbətləşirik. Deyir ki, əsasən toyuq almaq üçün bu bazara gəlir: “Bir neçə dəfə buradan toyuq almışam, həm keyfiyyətli çıxıb, həm də qiyməti xeyli ucuzdur. Təkcə toyuq üçün yox, bəzən məişət əşyaları – məsələn, ləyən, köhnə istehsal qazanlar üçün də gəlmişəm. Doğrudur, köhnə qazanlar elə də ucuz deyil, amma indiki qazanlardan qat-qat yaxşıdır. Yaxşıca yuyub təmizləyirəm, sonra da istifadə edirəm”.
Bazarda piştaxtaların əksəriyyəti bağlı olsa da, usta Tariyel iş başında idi. Yaxınlaşıb samovarların qiymətini soruşuram: “Yox, bunlar satlıq deyil. Gətirirlər, mən də bərpa edirəm”, – deyə cavab verir.
Xalidə Gəray,
Fotolar müəllifindir
Musavat.com













