EN

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

“Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz bir xəbər kimi qəbul etmişəm. Teatr, kino sənəti rejissor sənətidir. Ədəbi materialdan başlayan sənət, teatr, səhnə, kino da, filmlər də, onun təbliğatı, çəkiliş mədəniyyəti də rejissorun adı ilə bağlıdır. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrını, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrını, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrını baş rejissorsuz təsəvvür edə bilmirəm. Bəs teatrı kim hazırlayacaq? Kim işləyəcək? Bu, milli-mənəvi dəyərlər, ideologiya, təbliğatla bağlı çox həssas məsələdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) deyib.

Şeyx

O bildirib ki, teatr millətin tarixi, kino millətin sərhəd tanımayan ən möhtəşəm ideoloji təbliğat vasitəsidir: “Buna görə də çox ehtiyatla, məsləhətlə, düşünülmüş şəkildə addım atmaq lazımdır. Hələ ki, iki-üç nəfər ağsaqqal varıq, Allaha şükür. Məsləhətli şəkildə bunu planlaşdırmaq lazımdır. Biz onsuz da kinostudiya məsələsini artıq Ramiz Rövşənlə, Hüseyn Mehdiyevlə, Ayaz Salayevlə gündəmə gətirmişik. Teatr məsələsində konkret struktur hələ bəlli deyil. Görək, hansı şərtlər və hansı şərait olacaq. O zaman münasibət bildirərik. Yəqin ki, Mədəniyyət Nazirliyindən bizi yığıb məsləhət edəcəklər”.

 

Xatırlatma: Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, “Teatr və teatr fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib. Qəbul edilən dəyişikliklərə əsasən, Azərbaycandakı dövlət teatrlarında baş rejissor, baş rəssam, bədii rəhbər ştatları ləğv edilib, bir sıra texniki vəzifələr isə yeni adlarla adlandırılıb.

 

Aytəkin Qardaşova

Tarix: 29 Yanvar 2026, 16:44   
Chosen
2
pravda.az

1Sources