EN

Azərbaycan və Çad arasında İKT sahəsində əməkdaşlıq imkanları müzakirə olunub  

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Çad Respublikasının rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri Boukar Mişel ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında İKT sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Ölkəmizdə bu sahədə həyata keçirilən layihələr, xüsusilə “mygov” platforması, SİMA rəqəmsal imza sistemi barədə məlumat verilib. Azərbaycanın rəqəmsal inkişaf təcrübəsinin Çadda tətbiqi imkanları nəzərdən keçirilib.

Bununla yanaşı, kibertəhlükəsizlik, Çadda insan kapitalının inkişafı istiqamətində Azərbaycanın mümkün dəstəyi, tələbələrin ölkəmizdə İKT sahəsində təlimlərə cəlb olunmasına dair fikir mübadiləsi aparılıb.

Görüşdə əməkdaşlığın bütün sahələrini əhatə edəcək fəaliyyət planının qısa müddətdə hazırlanması məsələsi razılaşdırılıb. Bu məqsədlə Azərbaycandan mütəxəssislərin Çada səfəri gözlənilir. Çad data mərkəzinin yaradılması istiqamətində də ölkəmizin təcrübəsini öyrənəcək.

Qeyd edək ki, nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, həmçinin “Azərkosmos” ilə rəqəmsal transformasiya, innovasiya, rəqəmsal məhsulların ixracı sahəsində əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

Chosen
54
9
azerbaijan-news.az

10Sources