EN

Çaxoyan: Koçaryan Ermənistan üçün birbaşa təhdiddir...

Eks-prezidentin “Ermənistan 29 743 kv.km ilə məhdudlaşmamalıdır” açıqlaması İrəvanda sərt reaksiyaya səbəb olub...

Poliqon xəbər verir ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryanın ölkəsinin “29 743 kvadrat kilometr” ərazi çərçivəsində “qapanmamalı” olduğu barədə səsləndirdiyi fikir İrəvanda siyasi gündəmi yenidən gərginləşdirib. Koçaryanın bu bəyanatı hakimiyyət nümayəndələri tərəfindən dövlətçiliyə yönəlmiş təhlükə kimi qiymətləndirilib.

Ermənistanın baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan Koçaryanın çıxışına cavab verərək bildirib ki, sabiq prezidentin səsləndirdiyi mövqe ölkə üçün “birbaşa təhdid” xarakteri daşıyır. Çaxoyanın sözlərinə görə, Koçaryanın bu tip ritorikası Ermənistanın suverenliyini, təhlükəsizliyini və gələcəyini risk altına salır.

Rəsmi İrəva nümayəndəsi vurğulayıb ki, Koçaryan belə çağırışlar səsləndirirsə, açıq şəkildə kimə qarşı və hansı qiymət bahasına müharibə elan etməyə hazırlaşdığını cəmiyyətə izah etməlidir. Çaxoyan xüsusilə diqqətə çatdırıb ki, Koçaryanın nəvələrinin başqa bir ölkənin vətəndaşı olması fonunda bu cür sərt və revanşist bəyanatlar daha ciddi suallar doğurur.

Çaxoyan əlavə edib ki, müharibə və ərazi iddiaları ilə bağlı səsləndirilən populist çağırışlar Ermənistanı yeni qarşıdurmalara sürükləyə, regionda sülh gündəliyini zərbə altına qoya və ölkənin beynəlxalq mövqelərinə mənfi təsir göstərə bilər. Onun fikrincə, belə yanaşma Ermənistanın dövlət maraqları ilə ziddiyyət təşkil edir və cəmiyyət üçün təhlükəli nəticələrə yol aça bilər.

Poliqon.info

Chosen
33
poliqon.info

1Sources