EN

Merts: Avropa üzrə nüvə təhlükəsizliyi ilə bağlı danışıqlar ilkin mərhələdədir...

Almaniya kansleri birgə nüvə mexanizminin yaradılmasının hələlik erkən olduğunu bildirib...

Poliqon xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Avropa miqyasında nüvə caydırıcılığı sisteminin yaradılması ilə bağlı danışıqların aparıldığını, lakin bu prosesin hələ ilkin mərhələdə olduğunu açıqlayıb. Bu barədə o, Litvanın baş naziri İnqa Ruginiene ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.

Merts xatırladıb ki, Almaniyanın öz nüvə silahına malik olmasını istisna edən iki əsas beynəlxalq sənəd mövcuddur. Söhbət “2+4” müqaviləsindən və Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən gedir. Kanslerin sözlərinə görə, bu öhdəliklər Almaniyanın müstəqil nüvə arsenalı yaratmasına imkan vermir.

Bununla belə, Merts vurğulayıb ki, bu vəziyyət Almaniyanın digər Avropa dövlətləri ilə birgə nüvə caydırıcılığı məsələlərini müzakirə etməsinə mane olmur. “Bu danışıqlar hələ başlanğıc mərhələsindədir və NATO çərçivəsində ABŞ ilə həyata keçirilən birgə nüvə missiyaları üzrə mövcud razılaşmalara zidd deyil”, Merts qeyd edib.

Almaniya kansleri bildirib ki, ortaq Avropa nüvə caydırıcılığı məqsədinə nail olmaq üçün bir sıra mühüm strateji və hərbi-siyasi qərarların qəbul edilməsi tələb olunur. Lakin onun sözlərinə görə, hazırkı mərhələdə bu mövzuda konkret nəticələrdən danışmaq tezdir.

Xatırladaq ki, yanvarın 26-da NATO-nun baş katibi Mark Rütte Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin iclasında çıxışı zamanı Avropa İttifaqının ABŞ-nin “nüvə çətiri” olmadan öz təhlükəsizliyini təmin etmək imkanlarının məhdud olduğunu etiraf edib. Onun bu açıqlaması Avropada təhlükəsizlik arxitekturası və strateji muxtariyyətlə bağlı müzakirələri daha da gücləndirib.

Poliqon.info

Chosen
26
2
poliqon.info

10Sources