EN

Vaşinqton Avropa müttəfiqlərinin Çinlə yaxınlaşmasına imkan vermək istəmir

BAKI, 30 yanvar. TELEQRAF

Vaşinqton Avropa müttəfiqlərinin Pekinlə yaxınlaşmasının qarşısını almağa çalışır və bu istiqamətdə onlarla sıx əməkdaşlıq edir. Bu barədə yanvarın 29-da ABŞ-nin NATO yanında daimi nümayəndəsi Metyu Uitaker bildirib.

Teleqraf xəbər verir ki, Metyu Uitaker açıqlamanı "Fox News" telekanalına müsahibəsində verib.

Onun sözlərinə görə, Avropa ölkələri, o cümlədən Böyük Britaniya, Fransa və digərləri iqtisadi artım üçün bütün mümkün imkanları axtarırlar, çünki onların iqtisadiyyatları kifayət qədər sürətlə inkişaf etmir:

“Ümid edirəm ki, bu proses Çinin Avropanın işlərinə cəlb olunmasına və Çin, eləcə də Çin texnologiyalarının Avropa sistemlərinə inteqrasiyasına gətirib çıxarmayacaq. Biz Avropa müttəfiqlərimizlə sıx əlaqə saxlayırıq ki, onların Pekinlə bu cür razılaşmalara getməyəcəyinə əmin olaq”.

Uitaker Böyük Britaniyanın baş naziri Kir Starmerin Çinə səfərini də şərh edib. O bildirib ki, Vaşinqton və London arasında xüsusi münasibətlər mövcuddur və bu münasibətlər milli təhlükəsizliklə bağlı məsələlər üzrə müntəzəm məsləhətləşmələri, NATO çərçivəsində sıx koordinasiyanı və kəşfiyyat sahəsində unikal tərəfdaşlığı nəzərdə tutur.

Qeyd edək ki, Kir Starmer yanvarın 28–31-də Çində səfərdədir. O, 2018-ci ildən sonra Pekinə səfər edən ilk Britaniya baş naziridir. Ondan əvvəl Böyük Britaniya hökumətinin başçısı kimi Çinə səfəri Tereza Mey həyata keçirmişdi.

Chosen
115
12
teleqraf.com

10Sources