EN

Şeyx Əbdül xəstəxanadan küsülü olduğu Xalq artistlərinə çağırış etdi: “Gəlin, bir olaq”

Xalq artisti, tanınmış kinorejissor və aktyor Şeyx Əbdül Mahmudov səhhətində yaranan ciddi problemlər səbəbilə ötən gün xəstəxanaya yerləşdirilib.
 
Moderator.az xəbər verir ki, hazırda müalicə alan 81 yaşlı sənətkar xəstəxanadan Azərbaycan kino ictimaiyyətinə, xüsusilə də vaxtilə küsülü olduğu Xalq artistlərinə videomüraciət ünvanlayıb.
 
O, sosial media hesabında paylaşdığı çıxışında illər əvvəl kino camiəsində baş verən parçalanmalara toxunaraq, artıq bu qarşıdurmaların arxada qalmalı olduğunu vurğulayıb.
 
Şeyx Əbdül Mahmudov bildirib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı ətrafında yaşanan proseslər kino cameəsini iki yerə bölüb və o, həmin dövrdə bu parçalanmaya qarşı prinsipial mövqe sərgiləyib:
 
“Hər kəs bilir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı kino camiəsini ikiyə bölmüşdü, parçalamışdı. Mən isə buna qarşı çıxırdım, böyük mübarizə aparırdım. Təəssüf ki, o vaxt dostlarım da məni tam anlamadılar. Tələbə yoldaşım Şəfiqə Məmmədova, Rasim Balayev buna qarşı idilər. Həmin dövrlərdə ola bilsin ki, mən də əsəbi olurdum, narazılıqlarımı emosional şəkildə ifadə edirdim”.
 
Xalq artisti qeyd edib ki, həmin illərdə söylədiyi bəzi sözlər bu gün də qərəzli şəkildə gündəmə gətirilir və süni qarşıdurma yaratmaq üçün istifadə olunur. Onun sözlərinə görə, məqsədi heç vaxt kimisə incitmək deyil, Azərbaycan kinosunun ağır vəziyyətdən çıxmasına nail olmaq olub:
 
“Məqsədim yalnız bu idi ki, parçalanmış, bölünmüş kino camiəsini bir araya gətirək, kinomuzun bugünkü faciəsini aradan qaldıraq, onu yenidən yoluna qoyaq. Çox təəssüf ki, o dövrdə bəzən emosional, bəzən də qərəzli dediyim sözləri indi çıxarıb yenidən ortaya qoyurlar, sanki qarşıdurma yaratmaq istəyirlər".
 
Şeyx Əbdül Mahmudov xüsusi olaraq vurğulayıb ki, hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə heç bir problemi yoxdur və kino ictimaiyyətində müəyyən birlik mühitinin formalaşmasını müsbət hal kimi qiymətləndirir:
 
“Demək istəyirəm ki, mənim Kinematoqrafçılar İttifaqı ilə bağlı artıq heç bir problemim yoxdur. Çox şükür ki, kino camiəsi indi pis-yaxşı bir yerdədir.
 
Mən bir ağsaqqal kimi, bir kino fədaisi kimi çağırış edirəm, hətta yalvarıram ki, gəlin bir araya gələk. Müqəddəs məbədimiz olan kinonu dirçəldək". /Musavat.com/
Chosen
37
7
moderator.az

2Sources