EN

Elm və təhsil naziri Mərkəzi Aran regionunda təhsil işçiləri ilə görüşüb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Elm və təhsil naziri Emin Əmrullayev Mərkəzi Aran Regional Təhsil İdarəsində bir qrup qabaqcıl təhsil işçisi ilə görüş keçirib.

TurkicWorld xəbər verir ki, yanvarın 29-da keçirilən görüşdə Yevlax, Ucar, Mingəçevir, Göyçay, Ağdaş, Kürdəmir və Zərdab rayonlarını təmsil edən direktorlar və müəllimlər iştirak ediblər. Müzakirələrdə ümumtəhsil məktəblərində təhsil mühitinin sağlamlaşdırılması, təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi, idarəetmənin səmərəliliyinin artırılması və pedaqoji prosesin təkmilləşdirilməsi ilə bağlı məsələlərə toxunulub.

Nazir Emin Əmrullayev çıxışında məktəblərdə təhlükəsiz və sağlam təhsil mühitinin formalaşdırılmasının əsas prioritetlərdən biri olduğunu bildirib. O qeyd edib ki, mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılması regionların ümumi inkişafına, şagird nailiyyətlərinin yüksəlməsinə və təhsilin keyfiyyətinin artmasına birbaşa təsir göstərir.

Görüşdə ibtidai siniflərdə tədrisin təşkili xüsusi diqqət mərkəzində olub. Nazir vurğulayıb ki, ibtidai təhsil sonrakı bütün təhsil pillələri üçün baza rolunu oynayır və bu mərhələdə yaranan çətinliklərin vaxtında həlli gələcək təlim nəticələri baxımından mühüm əhəmiyyət daşıyır.

Emin Əmrullayev müasir pedaqoji yanaşmaların tətbiqinin vacibliyini qeyd edərək şagirdyönümlü metodların, tənqidi düşünmə və əməkdaşlıq bacarıqlarını inkişaf etdirən yanaşmaların genişləndirilməsinin önəmini diqqətə çatdırıb. Layihə əsaslı öyrənmənin şagirdlərin bilik və bacarıqlarını real həyat situasiyalarında tətbiq etməyə imkan verdiyi bildirilib.

Müzakirələr zamanı dərsliklərin məzmunu və tədris prosesində istifadəsi məsələləri də qaldırılıb. Nazir dərsliklərin oxuyub-anlama, məntiqi düşünmə və tətbiqetmə bacarıqlarının formalaşmasına xidmət etməsinin vacibliyini vurğulayıb və müəllimlərin rəy və təkliflərinin bu prosesdə mühüm rol oynadığını qeyd edib.

Görüşdə direktor və müəllimlər tədrisin təşkili, metodiki dəstək, ibtidai siniflərdə təlimin keyfiyyəti, layihə əsaslı öyrənmənin tətbiqi və dərsliklərlə bağlı sual və təkliflərini səsləndiriblər. Sonda təhsil ictimaiyyəti ilə birbaşa dialoqun əhəmiyyəti vurğulanıb və region müəllimlərinin təşəbbüskarlığının dəstəklənəcəyi bildirilib.

Chosen
7
19
turkic.world

10Sources