EN

“Küçədə oturub düşünürdüm: doğrudanmı hamı karyerama qarşıdır?” – Rüstəm Əhmədzadənin İDMAN.BİZ-Ə MÜSAHİBƏSİ - FOTO

25 yaşlı futbolçu Rüstəm Əhmədzadə “Sumqayıt” futbol klubunun əsas liderlərindən biridir. Hücumçu Ukraynada anadan olub: atası azərbaycanlı, anası isə ukraynalıdır. Peşəkar karyerasına da məhz orada başlayıb. 2022-ci ildə Ukrayna Premyer Liqasından “Qarabağ”a keçən Rüstəm Əhmədzadə, eyni zamanda üç mövsüm icarə əsasında “Zirə”nin formasını geyinib. 2025-ci ildən etibarən isə “Sumqayıt”ın futbolçusudur.

Əhmədzadənin idmandakı yolu asan olmayıb. Valideynləri onun futbol oynamağına icazə verməyib, səkkiz yaşında olarkən məşqlərə gizlicə getməli olub.

İdman.Biz-ə verdiyi müsahibədə Rüstəm Əhmədzadə öz həyat hekayəsini, “Qarabağ”dan ayrılma səbəblərini, milli komandadakı çıxışlarını və bir çox digər mövzuları bölüşüb.

- Sarı vərəqələrin limiti səbəbindən yeni ildə “Sumqayıt”ın “Turan Tovuz”a qarşı ilk oyununu buraxdınız. Həmin matçda klub 1:2 hesabı ilə məğlub oldu. Sizcə, komandada nə çatmırdı?

– “Turan Tovuz” güc futbolu oynayan komandadır. Biz, prinsip etibarilə, buna hazırlaşmışdıq. Birinci hissədə oyun alınmadı, topla pis rəftar edirdik. İkinci hissədə daha yaxşı çıxış etdik, amma hücumda kəskinlik çatmırdı.

- Oyundan sonra klubun baş məşqçisi Saşa İliçin köməkçisi Veliçko Kaplanoviç sizin yoxluğunuzun nəticəyə təsir etdiyini dedi. Bundan çıxış edərək, sizi komandanın liderlərindən biri hesab etmək olarmı?

- Bunu eşitmək xoşdur, amma eyni zamanda oyunları buraxmaq da xoş deyil. Kənardan baxmaq çətindir, kömək etmək istəyirsən. Üstəlik, mən olmayanda komanda bir qədər yenidən qurulur, bəzi futbolçuların mövqeləri dəyişir. Bu da təsir edir. Lider olub-olmadığımı isə komanda yoldaşlarım və azarkeşlər müəyyən etməlidir.

- Mövsümün ilk yarısını komanda və şəxsi çıxışınız baxımından necə qiymətləndirirsiniz?

- Mövsümün ilk yarısını yaxşı keçirdik. Çoxlu maraqlı oyunlar oldu, son dəqiqələrdə emosional qələbələr qazandıq. Statistikaya baxsaq, az qol vurmadıq və çox da qol buraxmadıq. Özümə gəldikdə isə, mən həmişə daha yaxşı olmağa çalışıram. Amma ümumilikdə razıyam, xüsusən də əvvəl zədələr yaşadığımı nəzərə alsaq. Son vaxtlar “Zirə”də demək olar ki, oynamırdım, “Sumqayıt”da isə ilk yarımildə stabil çıxış edirəm.

- Mövsümün ilk yarısında sizi ən çox hansı oyun yadda qaldı?

- İlk növbədə “Şamaxı”ya qarşı səfər qələbəsi. Son beş dəqiqədə iki qol vurub üç xal qazandıq. Onlar yaxşı müdafiə olunurlar, ona görə də bu, çox vacib və emosional qələbə idi. Mövsümün əvvəlində “Qarabağ”ı məğlub etdiyimiz oyun da yaddaqalan oldu.

- Komandanın avrokuboklara düşmək şansı varmı?

- Əminəm ki, var. Biz bu məqsədə doğru gedirik. Mən həm “Qarabağ”da, həm də “Zirə”də oynamışam, orada işlərin necə qurulduğunu görmüşəm. Futbolçularımızın səviyyəsinə, məşqçilər heyətinə və komandadakı ab-havaya baxaraq deyə bilərəm ki, bu məqsədə çatmaq üçün hər şeyimiz var.

- Bu mövsüm stabil oynayırsınız. Niyə bu, “Qarabağ”da və “Zirə”də alınmırdı?

- “Qarabağ”a çox gənc yaşda gəlmişdim və bir çox şeyi başa düşmürdüm. Ambisiyalarım və istəklərim var idi ki, sonda özümə qarşı işləyirdi. Xarakterim də təsir etdi…

“Zirə”də elə dövrlər olub ki, əsas heyətin üzvü idim, stabil meydana çıxırdım, qollar vururdum və milli komandaya dəvət alırdım. Sonra ilk zədə oldu, ardınca ikinci zədə. Artıq optimal formada deyildim, üstəlik “Zirə”də rəqabət də yüksək idi. Orada başqa oyun üslubu var idi, məndən daha çox müdafiə xarakterli iş tələb olunurdu, mən isə həmişə hücumda oynamaq istəmişəm. Amma buna baxmayaraq, bu işi görürdüm, çünki komandanın maraqları hər şeydən önəmlidir.

“Sumqayıt”da isə mənə hücumda daha çox oynamağa, meydanda daha sərbəst olmağa, improvizasiya etməyə imkan verdilər. Bundan zövq alıram.

- “Qarabağ”dakı ambisiyaların mane olduğunu dediniz. Nəyi nəzərdə tutursunuz?

- “Qarabağ”a keçəndə 19 yaşım var idi. Transferdən cəmi bir il əvvəl ilk dəfə Ukrayna Premyer Liqasında çıxış etməyə başlamışdım. İlk yarımildə ehtiyatda otururdum, sonra əsas heyətin futbolçusuna çevrildim, qollar vurmağa başladım və Azərbaycan milli komandasına dəvət aldım. Ardınca isə dərhal “Qarabağ”a transfer oldum.

Uşaq kimi düşünürdüm. Hər şey birdən-birə yuxarı qalxdı. Elə bilirdim ki, belə də davam edəcək: “Qarabağ”ın əsas heyətində oynayacağam, avrokuboklarda çıxış edəcəyəm, qollar vuracağam və sonra daha irəli gedəcəyəm. Amma sonra bir dəfə ehtiyatda qaldım, ikinci dəfə… Mövqeyimdən narazı olduğumu deyirdim, məni icarəyə göndərmələrini xahiş edirdim.

Bu, mənim tərəfimdən düzgün deyildi. İndi anlayıram ki, o vaxt mənə yaxşı münasibət var idi, etibar edirdilər, sadəcə fərdi yanaşma tətbiq olunurdu və uyğunlaşma üçün vaxt lazım idi. Mən isə tələsirdim, məşqçiləri başa düşmürdüm. Zamanla böyüdüm, realist oldum və indi anlayıram ki, hansı qərarlar harada, necə və niyə qəbul olunur.

- “Zirə”dən ayrıldıqdan sonra təklifləriniz oldumu?

- Avropada oynamağı sınamaq istəyirdim, məsələn, Xorvatiyada, Polşada və ya Türkiyədə. Bu istəyim indi də var, düşünürəm ki, bir çox futbolçu qarşısına belə məqsəd qoyur. Variantlar var idi, amma “Sumqayıt”ın təklifi daha çox xoşuma gəldi. Klubun prezidenti və baş məşqçisi ilə görüşdük, açıq şəkildə danışdıq və komandada rolumla bağlı eyni fikrə gəldik.

- 2025-ci ildə milli komandaya dəvət almışdınız. Bu il də yığmada oynamağa ümid edirsinizmi?

- Əlbəttə. Mən hər zaman milli komandada olmaq, yüksək səviyyə göstərmək və yığmanın özünün də inkişaf etməsini istəyirəm. Bizdə yaxşı futbolçular var, amma onlara inam çatmır. Uzun müddətdir nəticə yoxdur, çoxlu uğursuzluqlar yaşanıb, buna görə də milli komandanın futbolçuları təzyiq hiss edir və inamlarını itirirlər. Amma düşünürəm ki, indiki futbolçu seçimi ilə vəziyyət xeyli yaxşı ola bilər.

- Ayxan Abbasovun baş məşqçi postuna gəlişi ilə milli komandada vəziyyət dəyişdimi?

- Bəli, o, komandaya yeni impuls verdi. Futbolçular daha motivasiyalı oldular. Dərhal Ukrayna ilə heç-heçə etdik, sonrakı oyunlarda qələbə olmasa da, layiqli oyun göstərdik. Ukrayna ilə cavab oyunu da yaxşı keçdi, sadəcə xal qazanmaq alınmadı.

Çoxları Fransa ilə oyunda antirekord olacağını yazırdı, amma biz birinci hissədə son dəqiqələrdə qol buraxdıq, halbuki fasiləyə 0:0 hesabı ilə gedə bilərdik. Nəticədə 0:3 uduzduq, amma pis təsir bağışlamadıq. Bəli, müdafiə olunurduq, lakin belə komandaya qarşı açıq hücum futbolu oynamaq düzgün olmazdı.

Ayxan Abbasovun mənə münasibətini xüsusi qeyd etmək istəyirəm. “Sumqayıt”da oynamağa başlayanda DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Ukraynaya qarşı ilk oyunlar üçün milli komandanın heyətinə düşmədim. Amma islandiyalılara məğlubiyyətdən və Fernandu Santuşun gedişindən sonra milli komandanın yeni baş məşqçisi Ayxan Abbasov məni yığmaya dəvət etdi. O dedi ki, mənə inanır, potensialımı görür. Bu, mənim üçün çox dəyərli idi və bu anı ömrüm boyu xatırlayacağam.

- Ukrayna və Azərbaycan milli komandaları arasında keçirilən oyunlar sizdə hansı hissləri yaradır?

- Oynamaq üçün böyük istəyim var idi və ilk dəfə çağırılmayanda məyus oldum. Belə oyunlar çox özəldir, bunu sözlə ifadə etmək çətindir. Bu cür matçlarda meydana çıxmaq çox xoşdur.

- Sizcə, milli komandamız UEFA Millətlər Liqasının C divizionuna qayıda bilərmi?

- Əminəm ki, qayıda bilər və qayıtmalıdır.

- Futbola ümumiyyətlə necə gəldiyiniz barədə danışmağınızı istərdik.

- Valideynlərimlə birlikdə Xmelnitski vilayətindən Kiyevə köçdük, mən də məktəbə getdim. Sinfimdə təxminən altı oğlan futbol məşqlərinə gedirdi. Mən də onlarla daim oynayırdım və idman bölməsinə getmədiyim halda belə onlardan güclü idim. Evdə bizə yaxın olan uşaq akademiyasında məşqlərə başlamaq üçün icazə istəyirdim. Amma anam buna qarşı idi – zədələrdən və səhhətimdən narahat olurdu. Bir dəfə müayinədən keçmişdim və kardioqramma pis nəticələr göstərmişdi.

Mən valideynlərimdən gizli şəkildə akademiyaya yazılmaq qərarına gəldim. O vaxt səkkiz yaşım var idi. Məşqçi dedi ki, böyüklərlə gəlmək lazımdır, mən isə cavab verdim ki, onlar işləyirlər və sonra gələcəklər. Beləcə məşqlərə başladım.

- Məşqlərə gedəndə valideynlərinizə nə deyirdiniz?

- Heç nə demirdim, deyirdim ki, çölə gəzməyə gedirəm. Məktəbdən sonra birbaşa məşqlərə gedirdim. Yemək üçün verilən pulu xərcləmirdim, yığıb məşqlərin pulunu ödəyirdim. Altı aydan sonra məşqçi dedi ki, artıq valideynlərlə əlaqə saxlamaq lazımdır. Komandada bir dostum var idi, onun anası həmişə məşqlərə gəlirdi və mənə yaxşı münasibət göstərirdi. O, anama zəng vurdu, hər şeyi danışdı. Məşqçi də anamla söhbət etdi və dedi: “Oğlunuzun futbolda gələcəyi var, bunu onun əlindən almayın”. Nəticədə anam razılaşdı. Zaman keçdikcə futbola maraq göstərməyə başladı, indi isə bu sahəni kifayət qədər yaxşı anlayır.

- Uşaq bölməsindən Ukrayna çempionatına qədər olan yol nə dərəcədə çətin idi?

- Ukrayna böyük ölkədir, çoxlu uşaq futbol oynayır. Rəqabət hər mərhələdə var – uşaq futbolundan peşəkar səviyyəyədək. Akademiyada yaxşı məşqçim var idi, mənə çox şey öyrədirdi. 12–13 yaşımda məni “Dinamo Kiyev”ə və ya “Şaxtyor”a aparmaq istəyirdilər, amma onun məsləhəti ilə getmədim. 16 yaşıma qədər onunla qaldım, sonra “Aleksandriya”nın U-19 komandasına düşdüm. Orada yarım il oynadım, amma ciddi xəstələndim. Daha sonra “Kolos”un U-19 komandasına keçdim.

“Kolos”da birinci liqa komandası ilə məşq edirdim, amma özüm gənclər komandasında çıxış edirdim. Böyüklər futboluna keçmək vaxtı çatanda dedilər ki, əsas heyət üçün hazır deyiləm, amma buraxmaq da istəmirlər. İkinci divizion klubuna icarə təklif etdilər, razılaşdım. Elə həmin vaxt koronavirus başladı. Çempionat dayandırıldı, demək olar ki, pul vermirdilər, yeməklə təmin etmirdilər, altı nəfər bir mənzildə yaşayırdıq. Heç bir dəstək olmadan yad şəhərdə qaldıq. Bir-iki ay ərzində sözün əsl mənasında sağ qalmağa çalışırdıq.

- Həmin anda futbolu atmaq fikriniz olmadı?

- O günü çox yaxşı xatırlayıram. Küçədə oturmuşdum və düşünürdüm: doğrudanmı hər şey mənim futbol oynamamağım üçün baş verir? Guya çalışıram, əlimdən gələni edirəm, amma heç nə alınmır. Təslim olmaq fikirləri var idi. O vaxt 18 yaşım var idi. Elə gəlirdi ki, bu yaşda belə vəziyyətə düşmək düzgün deyil. Amma başa düşdüm ki, futbolu həddindən artıq çox sevirəm, bu qədər yol keçmişəm və indi əllərimi yanımda sala bilmərəm.

Kiyevə qayıtdım, “Kolos”la müqaviləmə xitam verildi, çünki əsas komandaya uyğun olmadığım bildirildi. Pandemiya sona yaxınlaşırdı və bu vaxt mənə zəng etdilər, dedilər ki, birinci liqada Ali Liqaya yüksəliş uğrunda əlavə oyunlar olacaq və “Minay” klubuna təcili hücumçu lazımdır. Baxışa gedib-getməyəcəyimi soruşdular. Mən də cavab verdim: “Əlbəttə, onsuz da başqa seçimim yoxdur”. Dərk edirdim ki, ya indi, ya heç vaxt.

“Minay”da özümü yaxşı göstərdim və artıq üç gün sonra mənimlə müqavilə imzaladılar. Məşqçi dərhal mənə etibar etməyə başladı, heyətdə yer verdi. Mən gələndə komanda dördüncü yerdə idi, Premyer Liqaya isə ilk üç yer vəsiqə qazanırdı. Həmin oyunlarda həm qol vurdum, həm penalti qazandım və nəticədə Premyer Liqaya yüksəldik.

Daha sonra “Qarabağ”a transfer baş verdi. Çox kəskin yüksəliş oldu: ikinci liqadan birinci liqaya, ordan dərhal daha yuxarı liqaya, sonra milli komanda. Buna görə də “Qarabağ”da ehtiyat oyunçusu olub rotasiyadan başlamağı qəbul etmək mənim üçün çətin idi.

- O vaxt Azərbaycan çempionatı Ukrayna Premyer Liqasından xeyli fərqlənirdimi?

- Bəli, müharibə başlamazdan əvvəl Ukrayna çempionatı çox güclü idi, yüksəlişdə idi. Azərbaycana gələndə səviyyə bir qədər aşağı idi. Amma bu günü müqayisə etsək, vəziyyət tam dəyişib. Azərbaycan Premyer Liqası Ukraynadan heç də geri qalmır. “Qarabağ” Çempionlar Liqasındakı çıxışları ilə bunu sübut edir. Hətta toplanışlarda keçirilən yoldaşlıq oyunlarında da Azərbaycan komandaları ukraynalılara layiqincə müqavimət göstərir, bəzən isə onları üstələyir. Azərbaycan çempionatını izləməyən insanlar çox vaxt səthi yanaşır və onu zəif hesab edirlər. Amma oyunlara diqqətlə baxsalar, fikirləri dəyişər.

- “Qarabağ”a keçmək təklifi gələndə Azərbaycan futbolu barədə artıq məlumatınız var idi?

- İlk dəfə milli komandaya çağırılanda maraqlanmağa başlamışdım, o vaxt hələ Ukraynada idim. Amma “Qarabağ”ı daha əvvəl də tanıyırdım, avrokuboklardakı oyunlarını izləyirdim. Evdə atamla tez-tez onların matçlarına baxırdıq, atam həmişə futbolu sevib.

- Yeri gəlmişkən, atanız azərbaycanlıdır. O, sizə Azərbaycan ənənələrini aşılayırdı?

- Bəli, Azərbaycan haqqında çox danışırdı. Amma məsələ ondadır ki, mən evdə əsasən yalnız yeyib yatırdım, qalan bütün vaxtımı məşqlərdə və küçədə ukraynalı uşaqlarla keçirirdim. Ona görə də bu mövzuya dərindən girmək çətin idi. Amma atamın danışdıqları indi mənə çox şey verir və kömək edir.

- Azərbaycanda həyata uyğunlaşmaq necə oldu?

- Futboldan kənar həyatdan danışsaq, buranı ilk gündən bəyəndim. Şəhərdə gəzmək, yerli insanlarla ünsiyyət qurmaq rahat idi. İnsanlar çox qonaqpərvər və mehribandırlar. Zamanla hətta hiss etməyə başladım ki, azərbaycanlı köklərim xarakterimdə özünü göstərir. Məsələn, idmanda - tez coşma, emosionallıq.

Uyğunlaşmada əsas çətinliklər məhz futbolla bağlı idi. Bu, mənim ilk böyük köçüm və ciddi transferim idi. Hər şeyin necə olacağını tam dərk etmirdim. “Qarabağ”da cəmi iki-üç nəfəri tanıyırdım, onları da yalnız milli komandadan qiyabi bilirdim. Dostlarım, tanışlarım yox idi. Özümü necə aparmalı olduğumu bilmirdim. Bu da səhvlər etməyimin səbəblərindən biri idi. İndi isə hər şey tamam başqadır.

- Atanız Ucardandır. Orada olmusunuzmu?

- Xeyr. İstəyirdim ki, valideynlərim yanıma gəlsinlər və birlikdə ora gedək, amma hələ ki, alınmayıb. Ucardakı qohumlar artıq orada yaşamırlar. Bəziləri Bakıya köçüb, bəzən əlaqə saxlayırıq, görüşüb çay içirik.

- Valideynləriniz hazırda Ukraynadadır?

- Bəli.

- Onların müharibə şəraitində yaşamasını necə keçirirsiniz?

- Bu, çox ağrılı mövzudur. Çətindir. Mən artıq dörd ildir buradayam və valideynlərim yalnız bir il əvvəl bir dəfə yanıma gələ bildilər. İndi onlara, yəqin ki, müharibənin əvvəlində olduğundan bir qədər asandır. Onlar və ümumilikdə Ukraynadakı insanlar sanki bu reallığa uyğunlaşıblar. Amma mən burada olduğum üçün, əksinə, anlayıram ki, bu, normal deyil və buna ümumiyyətlə öyrəşmək olmaz. Xüsusilə bombardmanlarla bağlı xəbərləri oxuyanda həmişə narahat oluram. Daim əlaqədəyik, hər gün danışırıq - bu, heç olmasa bir qədər kömək edir.

- Onlar sizin yanınıza köçməyi düşünməyiblər?

- Mən həmişə onları çağırıram, amma istəmirlər. Ukraynada uzun illər yaşayıblar, öz həyatlarına öyrəşiblər və birdəfəlik getmək istəmirlər. Bəzən Kiyevdə daimi hava həyəcan siqnalları və səs-küy səbəbindən çətin olanda, mənim doğulduğum Xmelnitski vilayətinə gedirlər. Orada daha sakitdir. Bir az dincəlirlər, sonra yenidən Kiyevə qayıdırlar.

- Ukraynalı məşqçilər və futbolçularla əlaqə saxlayırsınızmı?

- Bəli, bəzi futbolçularla əlaqəm var. Uşaqların olduğu şəraiti nəzərə alsaq, yaxşı görünürlər və özlərini normal hiss edirlər. Çempionat davam edir, hər şey stabildir. Yaxşı büdcəsi olan layiqli komandalar var.

İdman.Biz
Chosen
75
50
idman.biz

10Sources