ain.az, Xalq qazeti saytına istinadən bildirir.
Azərbaycan Prezidenti İlham Əliyev 2 gün öncə Böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə qeyd olunub ki, Xaqani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır. Şair klassik ədəbiyyata qazandırdığı yeniliklərlə, bütövlükdə, Yaxın və Orta Şərq xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafına qüvvətli təsir göstərmişdir.
Azərbaycanda məsnəvi janrının ilk müəllifi kimi tarixə düşmüş Xaqani Şirvaninin (1126–1199) yaradıcılığı 9 əsrdir ki, şairlərin sənət yoluna mayak kimi işıq saçır. Özü bu barədə belə deyib: “Əsərlərim günəş kimi mənzil-mənzil dünya gəzir”. Əslən bir Oğuz türkü ailəsində doğulmuş şair həmişə xalqın, həqiqətin, gözəlliyin tərəfdarı olub, hər cür şəri isə ehtirasla rədd edib.
Şairin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divani, “Töhfətül-İraqeyn” poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir.
Xaqani Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə “Şiniyyə” və “Mədain xərabələri” qəsidələri, “Həbsiyyə” şeirləri və epistolyar məsnəvi sayılan “Töhfətül-İraqeyn” (“İki İraqın töhfəsi”) poeması daxildir.
Adı fəzilətli, seçkin, üstün kimi mənalandırılan haqq-ədalət carçısı Əfzələddin Xaqani 1170-ci ildə Şirvanşah I Axsitanın əmri ilə Şabran qalasında həbs olunub. O, qalada 7 ay həbsdə qalıb və “Həbsiyyə” silsiləsindən məşhur əsərlərini burada qələmə alıb.
Deyirəm daha məniçağırmayın Xaqani,Mən yoxsullar şairixəlqaniyəm, xəlqani.
Kəbə səfərindən sonra Dərbənd və Gəncədə bir növ sürgündə olan şair, orada çoxlu dostlar qazanır, 1159-cu ildə Gəncədə ikən qızdırma xəstəliyinə tutulan və Gəncəli Şəmsəddin Təbib tərəfindən müalicə edilən Xaqani, ehtimal ki, onda 18-19 yaşlarında olan Nizami Gəncəvi ilə də görüşür, dostlaşır. Ona görə də Xaqani ölən zaman Nizami ona mərsiyə yazır. Həmin mərsiyədən hələlik aşağıdakı bir beyt məlumdur:
Hey deyirdim ki, mənə mərsiyəXaqani yazar,Heyf, Xaqaniyə mən mərsiyəyazdım axır.
Xaqanini məşhurlaşdıran həm də onun gözəl məhəbbət lirikası olub.
Canım nə qədər var,mənə canan sən olarsan,Candan da əziz olsabir insan, sən olarsan.Sən indiyədək qəlbimüçün qəlb idin, ey yar,Bundan sora da canımüçün can sən olarsan.
Onu da qeyd edək ki, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Məhəmməd Füzuli kimi sənətkarlar bu dahi şairin “Şiniyyə”sinə cavab yazıb, Seyid Əzim Şirvani özünü onun naibi sayıb, Mirzə Ələkbər Sabir bəzi mənaları ondan iqtibas edib. Xaqani Şirvani irsinin öyrənilməsi ilə Həmid Araslı, Mirzağa Quluzadə, Məmmədağa Sultanov, Qafar Kəndli sevə-sevə məşğul olublar. Azərbaycan ədəbiyyatı özünün “Xaqanişünaslıq” bölməsi ilə daha da zəngin xarakter daşıyır.
Oxşayar kündə ayağımdadəyirman daşına,Qanlı göz yaşımla işlər budəyirmanım mənim…
Bakıdakı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ekspozisiyasında bu şeirin yaratdığı təəssürat əsasında Xalq rəssamı Böyükağa Mirzəzadənin çəkdiyi gözəl bir kompozisiya nümayiş etdirilir. Onu da xatırlayıram ki, bir qış günü İsmayıllı rayonunun Buynuz kəndində Xalq şairi Musa Yaqubun haqqında teleoçerk çəkirdik. Şair bizə kənd dəyirmanına getməyi təklif etdi. Orada bildik ki, Xaqaniyə həsr etdiyi “Dəyirman” poemasından bir parçanı əzbər söyləmək istəyir. Musa Yaqubun dəyirmanda özünəməxsus koloritlə oxuduğu misralar verilişimizi daha da maraqlı etdi:
Bu sənsənmi, ey Xaqani,Bu dəyirman səninkimi?Necə ahdı, amandı bu?..Daşlar - dönən bəxtindimi,Yoxsa çərxi-dövrandı bu?..
İllər sonra, Şabran səfərimizdə yeni yaradılmış “Xaqani” poeziya evinin qarşısında – “Mən məna yaradan tutiyəm, əfsus, Şabran qalasında olmuşam məhbus” – deyən böyük şairin abidəsini ziyarət etdik, şairlər İbrahim İlyaslı və Arif Ərşadla xatirə şəkli çəkdirdik.
Nəhayət, dahi Xaqaninin 900 illik yubileyinin qeyd olunması haqqında Prezidentin sərəncamı dünya ədəbiyyatı xəzinəsini zənginləşdirmiş şairə olan sonsuz məhəbbət və ehtiramın parlaq ifadəsidir.
Ə.DOSTƏLİXQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.